BAKI, 24 dekabr — Sputnik. Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Sputnik Azərbaycan-a bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı məlumat verib. O, bildirib ki, Xankəndi Yeni ili qarşılamağa hazırlaşır.
"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama xüsusi hazırlıq işləri görülür. 34 ildən sonra Xankəndi şəhərində bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar da cəlb edilib" - şöbə müdiri bildirib.
Xankəndidə yarmarka
© Photo : AZERTAG
Qeyd edib ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır.
Xankəndidə yarmarka
© Photo : AZERTAG
"Xankəndi, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır. Qeyd edək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Bu yarmarka, azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq", - Afət Telmanqızı deyib.
Xankəndidə yarmarka
© Photo : AZERTAG
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.