Türkiyənin fəallığı Bakının Yaxın Şəqdəki proseslərdə iştirakına təsir edə bilərmi?
Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir və onların regionla bağlı addımlarının koordinasiyalı şəkildə olması kimsədə şübhə doğurmur.
SputnikBAKI, 24 dekabr — Sputnik. Suriyaya səfər edən Türkiyə xarici işlər naziri Hakan Fidan ölkəsinin Suriyada dövlət qurumlarının bərpası üçün lazımi yardımı göstərməyə hazır olduğunu bəyan edib. Suriyada Əsəd hakimiyyətinin başa çatmasından sonra Türkiyənin Suriyada fəallığının artması, yeni hökumətlə güclü əlaqələrə malik olduğu hər kəsə bəllidir. Suriyada baş verənlər Azərbaycan üçün də aktual hesab olunur. Xatırlatmaq yerinə düşər ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında Suriyanın əvvəlki rejiminin bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana problem yaratdığını, amma bundan sonra yaxşı olacağına ümid etdiyini bildirmişdi. Prezidentin köməkçisi bildirmişdi ki, Azərbaycan tərəfi bundan sonrakı dövrdə qardaş Türkiyə ilə birgə məsləhətləşmələr əsasında Suriya ilə münasibətləri davam etdirəcək.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycan Suriya Әrәb Respublikasına 187 milyon dollar dəyərində mal ixrac edib, 315 milyon dollar dəyərində isə mal idxal edib.
2024-cü ilin yanvar-noyabr aylarında isə Azərbaycan Suriyaya 306 milyon dollarlıq mal ixrac edib, 692 milyon dollarlıq siə mal idxal olunub.
Bəs Azərbaycan Türkiyənin Suriyadakı fəallığında iştirakçı ola bilərmi?
Millət vəkili Ceyhun Məmmədov deyir ki, Türkiyənin Suriyadakı proseslərdə fəal iştirakı Azərbaycanı qürurlandırır. Onun sözlərinə görə, Türkiyənin Suriyada atdığı addımlar Azərbaycan üçün də önəm kəsb edir.
Millət vəkili hesab edir ki, Azərbaycan da Suriyadakı bərpa-quruculuq prosesinə qoşula bilər:
"Azərbaycan və Türkiyə strateji müttəfiqlərdir və onların regionla bağlı addımlarının koordinasiyalı şəkildə olması kimsədə şübhə doğurmur. Həmişə olduğu kimi Azərbaycan və Türkiyə bütün proseslərdə bir-birinin yanında olacaq. Azərbaycan rəsmiləri də Suriya ilə bağlı verdikləri açıqlamalarda ümidli danışıblar. Təbii ki, hazırda Suriyada bərpa prosesi getdiyi üçün hadisələrin hansı ssenari üzrə cərəyan edəcəyini söyləmək olmaz".
Bununla yanaşı millət vəkili qeyd edib ki, Suriyada maraqları olan ölkələrin regionun əsas dövlətlərinin maraqlarını nəzərə almadan burada hər hansı oyun qurmaq cəhdləri iflasa uğraya bilər.
"Azərbaycan suveren Suriya dövlətinin bərpasında maraqlıdır. Yaxın Şərq regionu uzun illərdir ki, qan gölünə çevrilib. Təbii ki, Azərbaycana yaxın olan bu regionda baş verən təhlükəli hadisələr Azərbaycanı narahat etməyə bilməz. Bu baxımdan Azərbaycan həm Cənubi Qafqazda, həm də Yaxın Şərqdə sülh və sabitliyin tərəfdarıdır. Bunun reallaşması üçün isə dəfələrlə öz köməyini təklif edib", - millət vəkili bildirib.
Politoloq Elşən Manafov deyir ki, Suriyada Əsəd rejiminin devrilməsində Türkiyə lokomitiv rolunda çıxış edib və bu faktın özünə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp məhz belə qiymət verib.
"Hazırda Dəməşqdə vəziyyətə nəzarət edən "Həyat ət Təhrir" təşkilatı (bu təşkilat bir sıra ölkələrdə, məsələn Rusiyada terrorçu təşkilat olaraq tanınır) rəsmi Ankara ilə məxfi münasibətlərə malik bir təşkilatdır. Əsədin ölkəni tərk etməsindən sonra Türkiyə Təhlükəsizlik Xidmətinin rəhbəri İbrahim Kalının Təhrirçilərin lideri Məhəmməd əl Culani tərəfindən Dəməşqdə yüksək səviyyədə qəbul edilməsi və aparılan danışıqlar bunu göstərir. Bu səfərdən əvvəl ABŞ dövlət katibi Blinkenin Ankaraya səfəri baş tutub və Turkiyə prezidenti Ərdoğanla keçirilmiş danışıqlarda Əsəddən sonrakı Suriyasının problemləri ətrafında ABŞ-Türkiyə əməkdaşlığının perspektivləri ətrafında danışıqlar aparılıb".
Politoloq xatırladıb ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu günlərdə verdiyi açıqlamaların birində Suriyanın yeni konstitusiyasının mətni üzərində işin Türkiyənin iştirakı ilə iş getdiyini bəyan edib.
Onun sözlərinə görə, bu faktın özü Türkiyənin regionda artan gücünün region və digər beynəlxalq güclər tərəfindən qəbul olunmasının bariz göstəricisi kimi diqqət çəkir:
"Suriya ərazisində Türkiyəni təhdid edən terrorçu qruplaşmaların, o cümlədən PKK-nın mövcudluğu, Türkiyə torpaqları hesabına kürd dövlətinin yaradılması ilə bağlı layihələr rəsmi Ankaranı Suriyada yenidən qurulacaq dövlət quruculuğunda fəal iştiraka sövq edən səbəblərdəndir. Türkiyənin bu proseslərdə iştirakı burada regionu təhdid edə biləcək xilafət dövlətinin yaradılmasına yol verməməkdir ki, belə bir "islami xilafəti" vasitəsilə Qərbdəki qlobalist dairələr beynəlxaq sionizmlə yanaşı region dövlətlərini təhdid altında saxlamaq, qlobalistlərin yeni dünya və ya "idarə olunan xaos" nəzəriyyəsinin prinsipləri ilə Yaxın və Orta Şərqin yeni xəritəsini cızmağı planlaşdırırlar".
Onun qənaətinə görə, rəsmi Ankara bütün bu proseslərə özünün milli təhlükəsizlik maraqları kontekstindən yanaşmaq hüququna malikdir, lakin bu zaman özü də beynəlxalq hüququn məlum müddəasının uzərindən keçməməli, digər dövlətlərin daxili işlərinə müdaxiləyə yol verməməlidir.
"Bundan sonra Suriyada və regionda yaşanacaq hadisələrə rəsmi Ankara da Suriyanın yeni hökumətinin verdiyi vədlər çərçivəsində deyil ,konkret olaraq qəbul etdiyi qərarlar, atdığı addımlar ampluasından yanaşmalıdır. Regionda yenidən islam terrorizminin alovlana biləcəyi ilə bağlı amillər konteksində rəsmi Bakı Cənubi Qafqaza da sirayət edə biləcək bu hadisələrin qarşısının alınması üçün bütün tərəflər, o cümlədən Türkiyə ilə fəal əməkdaşlıq edə bilər", - politoloq fikirlərini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.