BAKI, 24 dekabr — Sputnik. Hər yerdə ədalət olmalıdır - beynəlxalq münasibətlərdə, ailədə, hər bir ölkədə, hər bir cəmiyyətdə. Biz buna çalışırıq. Biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Bu sözləri Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı söyləyib.
"Əminəm ki, bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir", - Prezident İlham Əliyev qeyd edib.
İlham Əliyev 2003-cü ildən Azərbaycan Respublikasına rəhbərlik edir. Bu müddət ərzində o, 4 dəfə xalq tərəfindən prezident seçilib.
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, sosial-siyasi sabitliyin qorunmasının, mövcud iqtisadi inkişafın, hərtərəfli tərəqqinin təməlində Ümummilli lider Heydər Əliyevin inkişaf strategiyası, Onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. O da həqiqətdir ki, Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub.
İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli liderin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.