RUSİYA

MDB dövlət başçılarının qeyri-rəsmi görüşü və Aİİ sammiti keçiriləcək

Rusiya liderinin köməkçisi qeyd edib ki, Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü zamanı sənədlərin imzalanması nəzərdə tutulmur.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. MDB dövlət başçılarının qeyri-rəsmi görüşü və Aİİ sammiti Sankt-Peterburq yaxınlığındakı "İqora" kurort kompleksində keçiriləcək. Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.

"Bu dəfə görüşlər Sankt-Peterburqdan bir qədər aralıda - Leninqrad vilayətində, "İqora" kurort kompleksində baş tutacaq", - Uşakov bildirib.

Rusiya Federasiyası Prezidentinin köməkçisi qonaqlar üçün mədəni proqramın təqdim olunub-olunmaması ilə bağlı suala cavab verərkən bildirib ki, bu proqram da "İqora" ərazisində təşkil olunacaq. Uşakov əlavə edib ki, proqram qış idman növləri ilə bağlı olacaq.
"Mənə elə gəlir ki, onlar xizək sürməyəcəklər. Amma bəzi qış idman növlərinin tədbirlərinə baxacaqlar", - Rusiya Federasiyası Prezidentinin köməkçisi bildirib.
Liderlərin görüşünün gündəliyindən danışan Uşakov bildirib ki, əvvəlcə Rusiya Prezidenti Vladimir Putin Rusiyanın MDB-də sədrliyinin yekunlarını qısa şəkildə yekunlaşdıracaq.

"Ola bilsin ki, liderlər bəzi cari məsələləri müzakirə etsinlər. Bundan sonra isə, yəqin ki, gecə saatlarına qədər davam edəcək sırf mehriban, qeyri-rəsmi ünsiyyət olacaq", - Rusiya prezidentinin köməkçisi bildirib.

Onun sözlərinə görə, Sankt-Peterburqda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü zamanı sənədlərin imzalanması nəzərdə tutulmur.
Qeyd edək ki, dekabrın 25-də Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin rəhbərlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.