"Lukoil" YDM-də yanacağa su necə qarışıb? Sahibkarlar nazirliyə çağırıldı VİDEO
Haldun Novruzzadə bildirib ki, yanacağa su qatıldığı üçün şirkətə 500 manat ziyan dəyib.
SputnikBAKI, 24 dekabr — Sputnik. "Dekabrın 20-də axşam saatlarında bizim şirkətə məxsus avtomobillərdən biri "Lukoil" YDM-dən yanacaq vurub. 200 metr getməmiş avtomobilin mühərriki sönüb. Avtomobilimizi evakuatorla ustaya apardıq. Yanacaq çənini açdıqda məlum olub ki, avtomobilə yanacaq əvəzinə su vurulub".
"Rent car" şirkətinin avtomobili yanacağa su qarışdığı üçün yolda qaldı
Bunu Sputnik Azərbaycan-a açıqlamasında "Car Rent Baku" şirkətinin rəhbəri Haldun Novruzzadə söyləyib. O, bildirib ki, bundan sonra "Lukoil" YDM ilə əlaqə saxlayıb. Şirkətdən məsələnin araşdırılacağı bildirilsə də, konkret cavan verilməyib.
"Bundan sonra mən yanacaq çənindən su çıxmasını əks etdirən görüntüləri sosial şəbəkələrdə paylaşdım. Hadisə nəticəsində bizim şirkətə 500 manat ziyan dəyib. Bu gün "Lukoil" YDM-dən bizim əməkdaşlara zəng edib bildiriblər ki, dəymiş ziyan ödəniləcək", - deyə H. Novruzzadə bildirib.
SOCAR-dan Sputnik Azərbaycan-a bildirilib ki, "Lukoil" YDM pərakəndə satış bazarında neft məhsullarının satışı üzrə müstəqil operatorlardan biridir. Öz yanacaqdoldurma məntəqələri şəbəkəsinə və neft bazasına sahibdir.
20 sürücü "Lukoil" YDM-ə müraciət edib
Qeyd edək ki, yanacağa su qatılması nəticəsində dəymiş ziyanla bağlı 20 sürücü "Lukoil" YDM-ə müraciət edib. Bununla bağlı məlumat yayan "Lukoil-Azərbaycan" QSC-dən Sputnik Azərbaycan-a bildirilib ki, yaranmış problemlə bağlı ilk şikayət dekabrın 18-də daxil olub. Qurum bəyan edib ki, "Lukoil" YDM-də yanacağa su qatılmasından getmir. Bu hadisənin baş verməsinə texniki qəza səbəb olub.
Yanacağa su necə qarışıb?
"Yağan yağışlarla əlaqədar çənin birində qəza olub, çən deşilib və içinə qrunt suları axıb. Aİ-95 markalı yanacaq da məhdud olduğuna görə həmin vaxt orada olan operatorun təcrübəsizliyindən dibinə su çökən çən tam olaraq doldurulub. Yəni bilərəkdən heç kim yanacağa su qatmayıb. Bu, sadəcə texniki qəzadır. Operatorlar o çəni tam olaraq doldurmalı deyildilər. Hazırda bu məsələ araşdırılır. Ziyan çəkən hər bir müştərimizin ziyanı şirkət tərəfindən qarşılanacaq, yəni sürücülərə dəyən zərər kompensasiya olunub və hazırda da olunur. YDM-də kameralar var. Sürücü vaxtı, saatı deyir, kameralarla baxırıq, dəqiqləşdiririk. Bundan sonra avtomobilin aparıldığı servislə əlaqə yaradılır, xərclər dəqiqləşdirilir və ödənilir", - deyə şirkətdən bildirilib.
Yanacağın keyfiyyəti necə olmalıdır?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Sputnik.az-ın sorğusuna cavabda bildirilib ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, yanacaqdoldurma məntəqələrində istehlakçılara təqdim olunan yanacaq məhsullarına dair məcburi tələblər texniki reqlamentlərlə müəyyən olunur.
"Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, texniki reqlamentlər qüvvəyə minənədək texniki reqlamentlərin əhatə etdiyi mallara, onlarla əlaqəli proseslərə və ya istehsal metodlarına dair standartlar, həmçinin uyğunluğun qiymətləndirilməsi ilə bağlı müddəaları müəyyən edən normativ hüquqi aktlar öz hüquqi qüvvəsini saxlayır və təsərrüfat subyektləri tərəfindən həmin standartların və normativ hüquqi aktların tələblərinə riayət olunmalıdır. Məlumat üçün bildirək ki, yanacağa dair məcburi tələblər 2023-cü ildə qəbul olunmuş AZS 936:2023 "Daxili yanma mühərrikləri üçün yanacaq. Qurğuşunsuz benzin Texniki şərtlər" və AZS 934:2023 "Dizel yanacağı Avro. Texniki şərtlər" dövlət standartlarında əks olunub. Standartların tələblərinə əsasən, benzinə dair əsas tələblər distilyasiya, mövcud qatran tərkibi, oktan ədədinin miqdarı, qurğuşun tərkibi və digər fiziki-kimyəvi göstəricilər, dizel yanacağına dair isə sıxlıq, alışma temperaturu, fraksiya tərkibi, setan ədədinin miqdarı və digər fiziki-kimyəvi göstəricilər hesab olunur. Yanacağın ticarət dövriyyəsi ilə məşğul olan təsərrüfat subyektləri tərəfindən sözügedən standartların tələblərinə əməl edilməlidir", - deyə cavabda bildirilib.
Qurum onu da əlavə edib ki, yanacaqdoldurma məntəqələrində buraxılan yanacağın həcminin və kütləsinin ölçülməsində yalnız "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tipi təsdiq edilib və yoxlama dövriliyinə uyğun olaraq yoxlamalara cəlb edilmiş ölçmə vasitələrindən istifadəyə yol verilir. Yoxlamanın nəticəsinə əsasən, ölçmə vasitəsi yararlı sayılırsa, yoxlama haqqında şəhadətnamə təqdim olunur və ya ölçmə vasitəsinin üzərinə yoxlama nişanı vurulur:
"Qeyd edək ki, istehlakçılar bu sahədə xidmətlərdən istifadə edərkən ölçmə vasitələrinin yoxlamadan keçirilib-keçirilmədiyini müəyyən etmək məqsədilə ölçmə vasitələrinin üzərində yoxlama nişanının olmasını və ya ölçmə vasitəsinə verilmiş yoxlama haqqında şəhadətnaməni tələb edə bilərlər. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılıb. Nəzərdə tutulmuş müddətdə Dövlət Xidməti yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallarla bağlı əsaslandırılmış müraciətlər daxil olduqda yoxlama apara bilər".
Yanacaqdoldurma məntəqələrindən nə qədər şikayət daxil olub?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, cari ilin 11 ayı ərzində vətəndaşlardan yanacağın keyfiyyəti ilə bağlı Dövlət Xidmətinə daxil olan 7 müraciətdən 1-i təmin olunub, 1 müraciət üzrə ərizədə qeyd olunan faktlar aşkar edilməyib, 2 müraciət üzrə vətəndaşa qanunamüvafiq tövsiyə və izahat verilib, 3 müraciət üzrə araşdırmalar davam etdirilir.
Xidmətdən verilən cavaba görə, yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı dəqiq faktlar (sübutlar) Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim ediləcəyi təqdirdə, qanunamüvafiq tədbirlər görüləcək.
"Qeyd edilən mənfi hallarla qarşılaşan istehlakçılar Dövlət Xidmətinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif), elektron poçt ünvanı (office@competition.gov.az), birbaşa ərizə və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər", - deyə əlavə edilib.
Yanacaqlarla bağlı şikayətlər müzakirə edildi
Qurumdan bildirilib ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində yanacaq məhsullarının istehsalı, idxalı, topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olan sahibkarlarla maarifləndirici görüşlər keçirilib.
Bildirilib ki, tədbirlər zamanı yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektlərinə yanacaq məhsullarının keyfiyyət göstəricilərinə dair qanunvericiliyin tələbləri izah edilib. Həmçinin, yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti və istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi ilə bağlı istehlakçılardan daxil olan şikayətlər barədə ətraflı müzakirələr aparılıb. İstehlakçıların standartların tələblərinə cavab verən məhsul əldə etmək hüquqlarının təmin edilməsi məqsədilə yanacaq məhsullarının istehsalı, idxalı və topdansatışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı satılan yanacaq məhsullarının hər partiyasının keyfiyyətini təsdiq edən sənədlə müşayiət olunması, məhsulların satışı zamanı topdan alıcılara yanacağın keyfiyyətini təsdiq edən müvafiq sənədlərin təqdim edilməsi, yanacağın daşınması və saxlanması zamanı standartların və normativlərin tələblərinə əməl edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah edilib.
Yanacaq məhsullarının pərakəndə satışını həyata keçirən sahibkarlıq subyektləri ilə keçirilən görüş zamanı isə yanacaqdoldurma məntəqələrində satılan avtomobil yanacaqlarının keyfiyyəti, istifadə olunan ölçmə vasitələrinin yanacağın həcmini düzgün ölçməməsi və digər məsələlər barədə istehlakçılardan daxil olan şikayətlərlə bağlı ətraflı müzakirələr aparılıb, istehlakçıların aldıqları malların keyfiyyətini və həcminin düzgün ölçülməsini təsdiq edən sənədlərlə tanış olmaq hüququna malik olduğu bildirilib.
Həmçinin, istehlakçılara satılan yanacağın həcminin düzgün müəyyən edilməsi məqsədilə məntəqələrdə tipi təsdiq edilmiş, yoxlamadan keçirilmiş və metroloji norma və qaydalara cavab verən ölçmə vasitələrindən istifadə edilməsi və qanunvericiliyin digər tələbləri sahibkarların diqqətinə çatdırılıb.
Eyni zamanda, sahibkarlara istehlakçı hüquqlarının qorunması, müştəri məmnuniyyətinin təmin olunması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı tövsiyələr verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, hadisə "Qoşa yanacaqdoldurma məntəqəsi" kimi tanıdığı ərazidə, üzü mikrorayona gedən istiqamətdə yolun sağ tərəfindəki 19 saylı YDM-də baş verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.