BAKI, 24 dekabr — Sputnik. Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və həmin orqanın ehtiyatına keçirilmiş birinci dərəcəli ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması ilə bağlı yeni qayda müəyyən edilib.
Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, həmin şəxslər hər dəfə iki ayadək müddətə on dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq hərbi təlim toplanışlarına çağırılacaqlar.
Müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin toplanışlarda olmağının ümumi müddəti 30 aydan çox ola bilməz.
Toplanışlara cəlb ediləcək hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək. Müvafiq icra hakimiyyəti orqanı toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edəcək.
Xatırladaq ki, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev sənəddə hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha şəffaf və səmərəli qaydada həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.