BAKI, 21 dekabr — Sputnik. 2025-ci ildə növbəti "Yüksəliş" müsabiqəsi keçiriləcək. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən 2025-ci ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməli, Təşkilat Komitəsi irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, "Yüksəliş" – istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə müsabiqədir.
Müsabiqənin rəsmi internet saytı olan www.yukselish.az saytıdır. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəetmə bacarıqları yüksək olan perspektivli rəhbərlərin müəyyən edilməsi, onların inkişaf etdirilməsi, dəstəklənməsi və bununla da ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.
Şəxsi kabinet – Müsabiqənin saytında hər bir iştirakçıya aid məlumatların toplandığı və "Yüksəliş" İctimai Birliyi ilə iştirakçı arasında interfeys rolunu oynayan virtual məkandır.
Aşağıdakı tələblərin hər birinə cavab verən şəxslər müsabiqədə iştirak etmək hüququna malikdirlər:
müsabiqənin qeydiyyat mərhələsi bitənədək 21–51 yaş arasında olması;
ali təhsilli olması;
Azərbaycan Respublikasının vətəndaşı olması;
ən azı 2 il idarəçilik təcrübəsinin olması*
* İdarəetmə təcrübəsi – mülkiyyət formasından asılı olmayaraq işlədiyi qurumda rəhbərlik mövqeyində praktiki təcrübəyə malik, bir və ya daha çox insanın, layihə qruplarının, resursların, podratçıların və s. idarə olunması nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.