İQTİSADİYYAT

Qiyməti tənzimlənməyən enerji məhsullarının satışından enerji fonduna köçürmə ediləcək

Bundan öncə Energetika Nazirliyinin şöbə müdiri Rauf Qurbanov bildirib ki, hazırda "Aİ-95" markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənən məhsullar siyahısına daxil edilməyib, lakin yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən əlavə ediləcəyi gözlənilir.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Milli Məclisdə "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişiklik müzakirə edilib.
Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, qanun layihəsi "Enerji effektivliyi fondunun yaradılması və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Prezidentinin 2024-cü il 1 mart tarixli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb. Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, qanun layihəsinə əsasən, qiymətlərinə dövlət tənzimlənməsi tətbiq olunmayan, lakin istehsal və istehlak həcminə görə əhəmiyyətli paya malik olan və eləcə də istehsal və istifadəsi nəticəsində ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan vəsaitdən enerji effektivliyi fonduna köçürmələrin edilməsi üçün hüquqi əsas yaradılır. Bununla yanaşı, fondun vəsaitinin yalnız enerji effektivliyi üzrə tədbirlərin təşviqinə yönəldilməsi, bununla da fondun vəsaitlərindən istifadənin səmərəliliyinin artırılması təmin ediləcək.

Bildirilib ki, mövcud qaydaya görə, yalnız tarifləri dövlət tərəfindən tənzimlənən dörd enerji məhsulunun (elektrik enerjisi, təbii qaz, "Aİ-92" markalı avtomobil benzini və dizel yanacağı) ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən fonda köçürülmələrin edilməsi nəzərdə tutulur. Qanun layihəsi qəbul edildikdən sonra qiyməti tənzimlənməyən daha dörd növ enerji məhsulunun ("Aİ-95" markalı benzin və s.) satışından fonda ayırmaların edilməsi də təmin ediləcək. Nəticədə, enerji növlərinin satışından fonda daxil olacaq vəsait əhəmiyyətli şəkildə artacaq.
"Beləliklə, yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda, qiymətləri tənzimlənməyən enerji resurslarının satışından ayrılan vəsaitin də enerji effektivliyi fonduna köçürülməsi, nəticədə bu vəsaitlər hesabına enerji effektivliyi üzrə tədbirlərin həyata keçirilməsi, müvafiq sahənin elmi-texniki təminatı, ağıllı sayğacların və sistemlərin, kogenerasiya qurğularının tətbiqi, həmçinin bərpa olunan enerji mənbələrindən istifadə üçün daha əlverişli şəraitin yaradılması, bərpa olunan enerji mənbələri sahəsində layihələrin dəstəklənməsi və s. nəzərdə tutulur", - deyə komitə sədri diqqətə çatdırıb.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Xatırladaq ki, bundan öncə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov bildirib ki, hazırda "Aİ-95" markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənən məhsullar siyahısına daxil edilməyib, lakin yaxın zamanlarda Nazirlər Kabineti tərəfindən əlavə ediləcəyi gözlənilir.

Onun sözlərinə görə, "Aİ-95" və "Aİ-98" markalı yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənmir: "Aİ-98" markalı benzinin Azərbaycanda istehsalı həyata keçirilmir və buna görə də onun qiymətinin dövlət tərəfindən tənzimlənməyəcək".
R.Qurbanov bildirib ki, bu yanacaq növlərinin istehsalı zamanı ətraf mühitə mənfi təsirlər qeydə alınır. Qanuna təklif edilən dəyişikliklə qiymətləri dövlət tərəfindən tənzimlənməyən məhsullardan enerji effektivliyi fonduna vəsait cəlb edilməsi planlaşdırılır.
O əlavə edib ki, bir müddətdir ki, Azərbaycanda da "Aİ-95" benzini istehsal edilir və bu səbəbdən onun da qiymətinin tənzimlənməsi təklif edilir: "Yerli istehsal olan benzinə fiks qiymət qoymaq olur, halbuki xaricdə istehsal edilən benzinin qiymətinin tənzimləmək mümkün deyil".
Əlavə edək ki, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanun enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, bu sahədə dövlət orqanlarının (qurumlarının), fiziki və hüquqi şəxslərin fəaliyyətini və onlar arasında yaranan münasibətləri tənzimləyir.