BAKI, 20 dekabr — Sputnik. Ankara Suriya konstitusiyasının hazırlanması məsələsi ilə bağlı bu ölkənin yeni administrasiyasının nümayəndələri ilə təmaslara başlayıb. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Sonrakı prosesdə Suriyadakı bacı-qardaşlarımız öz gələcəkləri ilə bağlı qərarlarını verəcəklər. Dövlətin bərpasında ən mühüm addımlardan biri konstitusiyanın yaradılmasıdır. Bununla bağlı biz artıq Suriyanın yeni administrasiyasının nümayəndələri ilə, xüsusən də cənab Culani (Suriyadakı silahlı müxalifətin lideri Əhməd əl-Şaraa) ilə ünsiyyətə başlamışıq. Bildiyiniz kimi, biz Milli Kəşfiyyat Təşkilatının rəhbərini göndərmişik. Xarici işlər nazirimiz əvvəldən bu məsələ ilə bağlı bütün həmsöhbətlərlə dialoq aparıb", Ərdoğan deyib.
Türkiyə lideri qeyd edib ki, ölkəsi Suriyanın enerji problemlərinin həllini gözləyir və Energetika Nazirliyi onlara yeni imkanlar təqdim edəcək: "Biz Suriya ilə bir çox sahələrdə - müdafiədən tutmuş təhsilə və enerjiyə qədər əməkdaşlıq edəcəyik. Hazırda Suriyanın enerji sahəsində ciddi problemləri var. Amma ümid edirik ki, onların enerji ilə bağlı bütün problemlərini tez bir zamanda həll edəcəyik. Bununla bağlı bizim Energetika və Təbii Sərvətlər Nazirliyimiz onlara imkanlar təqdim edəcək".
Xatırladaq i, dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçiriblər. "Reuters"in verdiyi məlumata görə, Suriya ordusunun komandanlığı Prezident Bəşər Əsədin hakimiyyətinin "bitdiyini" açıqlayıb.
Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı vəzifəsini tərk etmək qərarına gəldiyini və "hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək" Suriyanı tərk etdiyini bildirib. Daha sonra Suriyanın eks-prezidentinin ailə üzvləri ilə birlikdə Moskvaya gəldiyi məlum olub. Kremldən bildirilib ki, Rusiya Prezidenti Vladimir Putin şəxsən Bəşər Əsədə sığınacaq vermək qərarına gəlib.