TƏHLİL

ABŞ Rusiya ilə müharibə haqqında düşünür

Rusiya Ukrayna ilə sülh müqaviləsinin bağlanmasını səmimi olaraq istəsə də, mövcud reallığı nəzərə alaraq ordusunu istənilən hərbi qarşıdurmaya hazır vəziyyətdə saxlayır.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Müdafiə naziri Andrey Belousov deyib ki, onun idarəsi "ortamüddətli perspektivdə vəziyyətin istənilən inkişafına, o cümlədən yaxın onillikdə Avropada NATO ilə mümkün hərbi münaqişəyə" hazırdır.
Qərb mediasında onun çıxışını elə yozublar ki, guya Rusiya "NATO ilə döyüşməyi planlaşdırır". Təbii ki, bu, tamamilə cəfəngiyyatdır: həm Rusiya prezidenti, həm də bütün yüksək rütbəli rəhbərlər Moskvanın alyans ölkələrinə hücum etmək niyyətində olmadığını dəfələrlə vurğulayıblar. Amma orada bunu eşitmək istəmirlər.
Niyə Qərb əhalisinə bu qədər israrla Rusiyanın hücuma keçəcəyi fikri təlqin edilir? Yəni onlar bu dərəcədə qanmazdır? O qədər də yox. Baxmayaraq ki, onların elitasının bir çox nümayəndəsində deqradasiya səviyyəsi adamı heyran edir. Aqressiv Rusiya haqqında bağırtılar qərb isteblişmentinə yalnız gələcək təcavüzünə haqq qazandırmaq üçün lazımdır.
Orta müddətli perspektivdə NATO-nun Rusiyaya hücum planları hələ də mövcuddur. Və "Rusiya təhlükəsi" ilə bağlı ritorika klassik anqlo-sakson yanaşmasıdır: axı onlar heç vaxt heç kimə hücum etməyib, yalnız özlərini müdafiə edirdilər. Vyetnamda napalm, Hindistanda aclıq, dünyanın hər yerində arzuolunmaz liderlərin devrilməsi və öldürülməsi, onların bütün işğalları, təcavüzləri və soyqırım aktları sırf özünümüdafiə xarakteri daşıyıb. Axı başqa cür necə ola bilər ki?
Bəs həqiqətdə alyansın amerikalı liderləri NATO ilə Rusiya arasında mümkün hərbi münaqişə haqqında nə düşünürlər?
Sevindirici haldır ki, ABŞ-ın seçilmiş prezidenti vəziyyətin qızışdırmasına yox, risklərdən qorunmağa üstünlük verir və ümumilikdə Ukrayna məsələsinin sülh yolu ilə həllinə meyllidir. Bu, məsuliyyətli siyasətçi üçün düzgün mövqedir. Trampın komandasının əksər üzvləri də Kiyevin balansdan çıxarılmasının, ABŞ-ın dünyadakı hərbi mövcudluğunun azaldılmasının və sırf daxili problemlərin həllində köklənməsinin tərəfdarıdır. Lap Mayakovskinin təsvir etdiyi təcridçilik kimi: "Amerikanı qapadardım, bir qədər təmizləyərdim, sonra yenidən açardım – ikinci dəfə".
Bununla belə, ABŞ-ın hakim Respublikaçılar Partiyasında da kifayət qədər şahin var. Məsələn, qocama senator Mitch Makkonnell hesab edir ki, "Tramp... öz xarici siyasətini Amerika hökmranlığının əbədi təməli olan sərt güc üzərində qurmalıdır".
O yazır ki, ABŞ-ın bütün rifahı yalnız onun hərbi gücünə əsaslanır, ona görə də təcridçilik illüziyalarından əl çəkərək eyni vaxtda Rusiya, Çin və ümumilikdə hamı ilə qarşı-qarşıya gəlmək lazımdır. Əks halda, ABŞ tənəzzül, müttəfiqlərin xəyanəti və süqutla üzləşəcək.
Bəs hamıya qarşı sonsuz döyüş üçün vəsait haradan əldə olunmalı? Makkonnell xatırladır ki, İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın hərbi xərcləri ÜDM-in 37 faizinə çatırdı. İndi isə bu xərclər cəmi üç faiz təşkil edir ki, bu da ildə 900 milyard dollar deməkdir. Bu yolverilməz dərəcədə az olduğu üçün, xərclər xeyli artırılmalıdır.
Maraqlıdır, Tramp bu hesablamaları necə qiymətləndirəcək? Belə bir hiss var ki, o, onsuz da inanılmaz dərəcədə şişirdilmiş hərbi xərclərin artması ilə amerikalıları sevindirməyə o qədər də hazır deyil. Axı bu onun seçicilərinə vəd etdiyindən fərqlidir.
Makkonnellin partiya yoldaşı Eleyn Makkasker Trampa bir iş adamı kimi müraciət etməyə çalışır. Onun hesablamalarına görə, Ukraynaya yardımın davam etdirilməsi onun olmamasından düz yeddi dəfə ucuz başa gəlir. Axı bu necə mümkün ola bilər?
Ukrayna Amerikanın köməyindən məhrum olduğu halda, uzağı 2026-cı ilin sonuna qədər davam gətirə bilər. Və sonra Rusiya – tikinti-bərpa işləri ilə məşğul olmaq əvəzinə və qələbədən bəhrələnmək yerinə - səbəbsiz olaraq NATO ölkələrindən birinə hücum edəcək. Bunu niyə edəcəyi aydın deyil? Amma hücum ehtimalı yüksəkdir.
Sonra ABŞ Avropaya "təcavüzü dəf etmək" üçün köməkli göstərmək məcburiyyətində qalacaq. Bu tədbirlər, Avropaya əlavə kontingentlərin göndərilməsini, silahların, avadanlıqların istehsalını və onların Avropaya təhvil verilməsi və sair nəzərdə tutur. ABŞ müdafiə nazirinin keçmiş müavini hesab edir ki, bu, çox baha başa gələcək. Ukraynaya pul və silah tədarükünü davam etdirmək daha sərfəlidir.
Tramp bu mühasibatlığı da asanlıqla tənqid edə bilər. Əslində, Ukraynaya köməkdən imtina etmək amerikalılara pis heç nə vəd etmir. Sadəcə olaraq bütün dünya qarşısında onların nüfuzunu nəzərəçarpacaq dərəcədə yaxşılaşdıra bilər. Humanist addım olaraq, boşalmış vəsaiti müalicə üçün pulu olmayan xəstə amerikalılara vermək olar.
Amma əgər ABŞ eskalasiya yolu ilə getsə və NATO həqiqətən Rusiya ilə döyüşməyə cəhd etsə, o zaman Vaşinqton sadəcə olaraq ağlasığmaz qiymət ödəməli olacaq. İlk növbədə insanların həyatı ilə. Maraqlıdır, Rusiya ilə müharibə şəraitində onlar öz kontingentlərini Avropaya necə göndərməyi planlaşdırır? Atlantika o zaman Krınkiyə çevrilməyəcəkmi? Yeri gəlmişkən, Krınkinin dəhşətləri haqqında çoxlu məlumatlandırıcı videolar var.
Ukrayna Silahlı Qüvvələrinin milyonlarla dönməz itkisi Amerika şahinləri üçün heç nə demək deyilmi?
Bəs Ukrayna iqtisadiyyatının tam çökməsi haqqında nə demək olar? Bəs oradakı demoqrafik fəlakət? Yəni amerikalılar bütün bunları öz evlərində təkrarlamaq istəyirlər? Və bu, hələ yalnız qeyri-nüvə müharibəsinə aiddir. Çünki əks halda büdcədən danışacaq heç kim qalmayacaq.
Yəqin ki, Tramp bütün bu riskləri hesablayacaq və dəvət olunmamış məsləhətçilərinə klassik ifadəsi olan, "İşdən çıxarıldınız!" sözlərini deyəcək.
Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır, bizim təkliflərimiz masanın üstündədir, onlar sadədir, başa düşüləndir və hamıya məlumdur. Biz səmimi qəlbdən sülhün bağlanmasını istəyirik. Lakin humanizmimizin zəiflik kimi qiymətləndirilməsinin əleyhinəyik. Ona görə də Müdafiə Nazirliyimiz silahlı qüvvələrimizi bütün ssenarilərə, o cümlədən NATO ilə qarşıdurmaya hazırlayır. Hər ehtimala qarşı.