CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni il qabağı hotellərin qiyməti fantastik həddə çatıb

Qış turizminin inkişaf etdiyi bölgələrdə yeni ildə hotellərin qiyməti 4800-6400 manata çatıb.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda yeni il qabağı hotellərdə qiymətlər kəskin bahalaşıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bəzi hotellərdə bayram günlərinə ümumiyyətlə boş yer qalmayıb.
"Shusha Hotel & Conference Center"-də 31 dekabr 1 yanvar tarixlərinə bütün nömrələr satılıb. Hoteldən bildiriblər ki, yanvarın 1-dən sonra iki gecə iki nəfərlik standart otaqlar qalıb ki, onların da qiyməti 530 manatdan başlayır.
"Gabala Hospitality Group"-a daxil olan hotellərdə də bayram günlərinə yerlərin çoxu bron edilib. "Qafqaz Tufandağ Hotel" də standart otaq qalmayıb. 31 dekabr 1 yanvar tarixlərinə qiyməti 1140 manata olan bütün otaqlar satılıb. Yalnız üç yataq otaqlı villa qalıb ki, onun da iki gecəlik qiyməti 5896 manatdan başlayır. Amma bu lüks villa dağın ətəyində yerləşdiyindən ora ancaq kanatla gedib-gəlmək mümkündür.
"Qafqaz Riverside Hotel"də isə bayram axşamı və yanvarın 1-i tarixinə hotellərdə qiymətlər 1576 manatdan başlayıq. Buraya səhər və axşam qidalanma, 31 dekabrda şou proqram daxildir. Hoteldə ən bahalı "kinq suet" nömrələrin qiyməti isə iki nəfər üçün 3626 manatdır.
"Quba Palace Hotel"də bayram günləri iki gecə və şou proqram daxil qiymət iki nəfər üçün 2600 manatdan başlayır.
Şahdağda yerləşən "Pik Palace" hoteldə isə iki gecəlik yerlər satılıb. Üç gecəlik standart otaqlar iki nəfər üçün səhər yeməyi və qala gecə daxil 4440 manatdır. 6390 manat isə "suit" otaqların qiymətidir.
"Park Chalet"hoteldə isə üç gecəlik standart otaq səhər yeməyi daxil 3350 manatdır. "Junior suit" otaqlarda bayram günlərində qiymətlər iki nəfər üçün 4850 manat təşkil edəcək
"Shamakhi Palace Sharadil" hoteldə 31 dekabr - 2 yanvar tarixləri iki nəfər üçün qiymət 1690 manatdır.
"Marxal Resort" hoteldə isə qala gecə üçün yerlər dolub. İki gecə standart otaq 640 manatdan başlayır. Dörd nəfərlik otaqlar isə bayram günlərində 1520 manatdır.
Yeni ili cənub bölgəmizdə yerləşən"Lankaran Springs" də 3 gün 2 gecə (31 dekabr-2 yanvar), 3 dəfə qidalanma daxil qiymət 1399 manatdır.
"Sakit Gol Shamakhy" hoteldə isə iki nəfərlik iki bayram gecəsi 1250 manata başa gəlir.
"Qalaalti Hotel & SPA"da təntənəli iki gecəlik iki nəfər üçün qiymətlər 1480 manatdır.
"EL Resort Qakh Hotel"də iki gecəlik iki nəfər üçün standart otaqlar 725 manatdır. Bura səhər yeməyi və qala gecə daxildir. Bayram günlərində hoteldə xanlara layiq "xan otaqları"nda gecələmək üçün isə 1188 manat ödəmək lazımdır.
Qeyd edək ki, son günlər bayram günlərində hotellərdə qiymətlərin kəskin bahalaşması sosial şəbəkələrdə də müzakirəyə çevrilib.
Turizm üzrə ekspert Ceyhun Aşurov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda hər bayramda hotel qiymətlərinin bahalaşması artan təlabatla bağlıdır. O, bildirib ki, Azərbaycanda beşulduzlu hotellərdə bayram günləri üçün iki nəfərə qiymətlər min manatdan başlayır. O, bildirib ki, getmə turizm bərpa olunsa da, qiymətlərin hər bayramda bahalaşması həm də hotel sayının azlığı ilə əlaqədardır.
Turizm üzrə ekspert Ceyhun Aşurov
"Azərbaycanda hotellərdəki qiymətlərə ölkə xaricində də istirahət mümkündür. Misirdə, Maldivdə, Şri-Lankada Azərbaycanda hotel qiymətlərindən bir qədər yuxarı məbləğə gündə üç dəfə qidalanma daxil istirahət mümkündür. Azərbaycanda yüksək qiymətlər əsasən böyük hotellərdə müşahidə olunur. Ölkəmizdə 800-ə yaxın hotel var ki, onun 250-si Bakıda yerləşir. Regionlarda hotellərin sayı o qədər də çox deyil. Seçim imkanlarının az olması bayram günlərində hotellərə təlabatı artırır. Qiymətləri bazar tənzimlədiyindən, alıcılar olduğundan, satışda qiymətlər yuxarı həddə müəyyənləşir. Bütün dünyada tətil günlərində hotellərə təlabat kəskin artır. Bu zaman qiymətlərdə də bahalaşma baş verir. Təklif çox olmalıdır ki, qiymətlər də ucuzlaşsın", deyə C. Aşurov bildirib.
O, qeyd edib ki, eyni kateqoriya hotellər xaricdə də bahadır.
Ekspert bildirib ki, Azərbaycanda əsas problem insanların öz büdcələrinə uyğun hotel tapa bilməməsidir. Bunun üçün isə azulduzlu, aşağı büdcəli hotellər tikilməlidir.