DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pezeşkian islam ölkələrini İsrailə qarşı birləşməyə çağırdı

İran lideri deyib ki, praktik və təxirəsalınmaz tədbirlər görərək böhran bölgələrində olan müsəlmanlara daha çox zərərin qarşısını almaq onların dini, hüquqi və insani vəzifəsidir.
Sputnik
BAKI, 19 dekabr — Sputnik. İran Prezidenti Məsud Pezeşkian Qahirədə keçirilən İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) liderlərinin sammitində çıxış edib.
Orta Şərqdəki son hadisələrə toxunan Prezident Pezeşkian deyib ki, artıq 14 aydan çoxdur, Qərbi Asiya regionu, xüsusilə Qəzza və Cənubi Livan, indi isə Suriya kimi islam ölkələri qəsbkar İsrail rejiminin kütləvi hücumlarına məruz qalır.
"Müharibədən zərər çəkmiş qadınların, uşaqların və insanların öldürülməsi sionist rejimin qeyri-qanuni hədəflərinin yeni miqyasını üzə çıxarıb", Pezeşkiyan sionist rejimin dinc əhaliyə qarşı soyqırımına diqqət çəkərək deyib.
İran Prezidenti çıxışına davam edərək vurğulayıb ki, islam ölkələri birləşməli və sionist rejimin təcavüzünə qarşı durmalıdırlar.
Siyasətçi qeyd edib ki, daha praktik və təxirəsalınmaz tədbirlər görərək böhran bölgələrində olan müsəlmanlara daha çox zərərin vurulmasının qarşısını almaq onların dini, hüquqi və insani vəzifəsidir.
"Ümid edirəm ki, Misirin D-8 Təşkilatına sədrliyi dövründə üzvlər arasında dostluq və qardaşlığın dərinləşəcəyinə və hərtərəfli əməkdaşlığın artırılması prosesində ciddi addımların atılacağına şahid olacağıq", İran lideri söyləyib.
Prezident Pezeşkian həmçinin vurğulayıb ki, İran D-8 ortaq fikir bankı və kapitalını yaratmağa, müştərək elm-texnoloji parklar qurmağa, professor və tələbə mübadiləsi aparmağa, gənclərə sahibkarlıq təlimləri verməyə hazırdır.