BAKI, 19 dekabr — Sputnik. Yaxın zamanlarda təkcə kosmik texnologiyaların deyil, həmçinin astronavtlarla bərabər kosmik turistlərin də sayı artacaq.
Bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İdarә Heyәtinin sәdri Saməddin Əsədov "Kosmik Tibbin əsasları" mövzusunda təlimin açılışında bildirib.
"Əminəm ki, növbəti onillikdə kosmosa yollanan insanların sayı dəfələrlə artacaq. Bu baxımdan kosmik tibbin daha geniş təhlil və tədqiq olunması vacibdir. Azərbaycan 2008-ci ildən etibarən Azərbaycan kosmik sahənin təhlilinə başlayıb. Bu gün ölkəmiz üç istiqamətdə geniş fəaliyyət göstərir. Artıq Azərbaycan dünya səviyyəsində kosmik sahədə aktiv rol oynayan ölkə kimi tanınır", deyə S.Əsədov deyib.
"Azərkosmos" publik hüquqi şəxs
Qeyd edək ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı" ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli 885 nömrəli Sərəncamı ilə "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti (Azərkosmos ASC) təsis edilib.
2013-cü ildə "Azerspace-1" telekommunikasiya, 2014-ci ildə "Azersky" Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə "Azerspace-2" telekommunikasiya peyki orbitə çıxarılıb.
"Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 aprel tarixli 1326 nömrəli Fərmanı ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində "Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" yaradılıb.
"Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)" kosmik fəaliyyət sahəsində dövlət siyasətinin formalaşmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti, telekommunikasiya, Yer müşahidə və digər təyinatlı peyklərin orbitə çıxarılması, idarə edilməsi və istismarı sahəsində ümumdövlət və ictimai əhəmiyyət daşıyan funksiyaları həyata keçirən, beynəlxalq kosmik layihələrdə iştirak edən, müvafiq beynəlxalq təşkilatlarla və xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə kosmosdan dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq edən publik hüquqi şəxsdir.