BAKI, 18 dekabr — Sputnik. İsmayıllıda pirotexniki vasitələr satılan mağaza aşkarlanıb. İsmayıllı polis əməkdaşlarının keçirdikləri tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən Ş.Adıgözəlov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a bildirilib ki, ona məxsus mağazadan müxtəlif növ pirotexniki və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, dünən də "Sədərək" ticarət mərkəzində 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə polislər tərəfindən aşkarlanıb. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının "Sədərək" ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışı təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.