SƏHİYYƏ

Regionlarda ciddi həkim çatışmazlığı var - Rəsmi açıqlama

TƏBİB rəsmisi bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda cəmlənib.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. "Regionlarda ciddi həkim çatışmazlığı var". Sputnik Azərbaycan xəbər verir ki, bunu TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində "Dayanıqlı səhiyyə Idarəetməsi" adlı panel müzakirəsində çıxışı zamanı deyib.
A.Nəsirov bildirib ki, son 4-5 ildə həkimlərin 60-70 faizi paytaxtda cəmlənib.
Araz Nəsirov həmçinin, qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyəni əhali üçün əlçatan etməkdir.
Qeyd edək ki, Azərbaycandan Almaniyaya işləmək üçün gedən həkimlərin sayı kəskin artıb. Məlumatlara görə, hazırda Almaniyada 3 mindən çox azərbaycanlı həkim çalışır. Azərbaycan Tibb Universitetinin tələbələrinin təhsil müddətində alman dili kurslarına getdiyi, gələcəkdə Almaniyada işləmək üçün dil biliklərini artırdığı bildirilir.
Xatırladaq ki, ötən il Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov 1400 həkimin işləmək üçün Azərbaycandan Almaniyaya üz tutduğunu açıqlamışdı. Bu sayın günü-gündən artması birmənalı qarşılanmır. Mütəxəssislər bunun gələcəkdə Azərbaycanda həkim çatışmazlığı problemini daha da dərinləşdirəcəyi qənaətindədirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.