NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

FED-in toplantısı başlayıb - Neft bazarı faiz qərarını gözləyir

Analitiklərin fikrincə, neft bazarı üçün 2025-ci ildə faiz dərəcələrinin dəyişməsi ilə bağlı hər hansı açıqlama daha vacib olacaq.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Dünya bazarlarında neft qiymətləri dar dəhlizdə hərəkət edir, çünki investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu gün verəcəyi qərarı gözləyirlər.
"Brent" 12 sent artaraq 73,31 dollar, ABŞ-nin Qərbi Texas nefti 11 sent artaraq 70,19 dollar olub.
"Azeri Light" markalı Azərbaycan nefti isə 1,13 dollar azalaraq 75 dollar təşkil edib.
Qeyd edək ki, FED-in üçüncü dəfə faiz dərəcələrini aşağı salacağı gözlənilir. İki günlük iclasın sonunda FED-in faiz dərəcələrini azaltdıqdan sonra gələn il daha mərhələli şəkildə aşağı salacağı gözlənilir. FED-dən əlavə Yaponiya və İngiltərə mərkəzi banklarının da bu həftə faiz qərarları verməsi planlaşdırılır. Analitiklərin fikrincə, neft bazarı üçün 2025-ci ildə faiz dərəcələrinin dəyişməsi ilə bağlı hər hansı açıqlama daha vacib olacaq. Aşağı faiz dərəcələri iqtisadi artımı və neftə tələbi artıra bilər.
ABŞ Enerji İnformasiya Administrasiyası bu gün neft ehtiyatları ilə bağlı məlumatlarını açıqlayacaq.
"OPEC plyus" ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barel həcmində müəyyən edib. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 39-cu görüşü isə 2025-ci ilin 28 may tarixinə təyin edilib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.