HƏRBİ

Dövlət Xidməti hərbi xidmət müddətinin azaldılması xəbərinə aydınlıq gətirdi

Ali təhsilli çağırışçılar üçün əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətinə həqiqi hərbi xidmət nəzərdə tutulur.
Sputnik
BAKI, 17 dekabr — Sputnik. Həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib.
Qeyd edilib ki, ali təhsilli çağırışçılar üçün əvvəllər olduğu kimi 12 ay, digər hallarda isə 18 ay müddətinə həqiqi hərbi xidmət nəzərdə tutulur.
"Son günlər "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" qanunlara, habelə "Hərbi xidmətkeçmə haqqında Əsasnamə"yə bir sıra dəyişikliklərin edilməsi məsələsi cəmiyyətdə geniş müzakirə olunur. Lakin əfsuslar olsun ki, bəzi xəbər saytlarında, sosial şəbəkə səhifələrində tirajlanan xəbərlər, həmçinin ekspertlər tərəfindən bildirilən fikirlər ictimaiyyət arasında çaşqınlıq yaradıb. Bəli, SHXÇDX qanunun müvafiq müddəalarının təkmilləşdirilməsinə dair təkliflər verib və layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə təqdim edilib. Hazırda komitə üzvləri tərəfindən dəyişikliklər müzakirə olunub və Milli Məclisin plenar iclasına çıxarılıb. Milli Məclis tərəfindən qəbul edildiyi və ölkə başçısı tərəfindən imzalandığı təqdirdə qanunun yeni müddəaları qüvvəyə minəcək. Ona görə də bir daha bildiririk ki, hələlik qanuna heç bir dəyişiklik edilməyib. Sadəcə, bir qədər səbirli olub, nəticəni gözləmək lazımdır. Dəyişikliklər bir sıra yenilikləri nəzərdə tutur. Lakin həqiqi hərbi xidmət müddətinin azaldılması məsələsi müzakirə mövzusu deyil. Yəni ali təhsilli çağırışçılar, əvvəllər olduğu kimi, 12 ay, digər hallarda isə 18 ay müddətində həqiqi hərbi xidmətə gedəcəklər", - deyə məlumatda bildirilir.
Xatırladaq ki, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.