BAKI, 17 dekabr — Sputnik. Bundestaq üzvlərinin əksəriyyəti Almaniya kansleri Olaf Şolts hökumətindən etimadı geri götürmək və bununla da fevralda keçiriləcək növbədənkənar seçkilərə yol açmaq lehinə çıxış ediblər.
"RİA Novosti"nin məlumatına görə, bu barədə parlamentin sədri Berbel Bas canlı yayım zamanı bildirib.
İclasda iştirak edən 717 deputatdan 394-ü kanslerin əleyhinə, 207-si onun lehinə səs verib, 116-sı isə bitərəf qalıb.
Hökumətə etimadsızlıq səbəbindən və ölkə prezidenti tərəfindən parlamentin buraxılmasından sonra növbədənkənar seçkilərin 2025-ci il fevralın 23-nə təyin edilməsi gözlənilir.
Etimad sorğusunu kansler özü ötən çərşənbə günü, dekabrın 11-də göndərib.
Bundan əvvəl Bundestaqın kanslerə etimad məsələsinin müzakirəsinə həsr olunmuş növbədənkənar iclasında onun əsas rəqibi və Xristian Demokrat İttifaqının (XDİ) rəhbəri Fridrix Merts Şoltsu Almaniyadakı iqtisadi böhranın siması adlandırıb və əlavə edib ki, o, ölkəni biabır edir.
Kanslerin özü də iclasda çıxış edərək söz verib ki, o, ölkənin Nazirlər Kabinetinin rəhbəri olduğu müddətdə Almaniya öz təhlükəsizliyinə zərər vuraraq Ukraynaya hərbi personal göndərməyəcək və onu "Taurus" qanadlı raketləri ilə təchiz etməyəcək.
Qeyd edək ki, Almaniya noyabrın əvvəlində hökumət koalisiyasında parçalanma ilə üzləşib. Böhran Azad Demokrat Partiyasına (ADP) başçılıq edən maliyyə naziri Kristian Lindnerin Şoltsun təkidi ilə kabineti tərk etməsindən sonra başlayıb. Buna səbəb kimi kansler Lindnerin eyni vaxtda Ukraynanı dəstəkləmək və Almaniyanın gələcəyinə sərmayə qoymaq üçün xərclərin artırılmasını təsdiqləmək istəməməsini göstərib.
Bundan əvvəl Olaf Şolts Ukraynadakı münaqişənin sülh yolu ilə həlli planı üzərində işlədiyini açıqlamışdı.