PAYTAXT XƏBƏRLƏRİ

Bakıda 2030-cu ilədək dizel və benzinlə işləyən avtobus qalmayacaq-Rəsmi

Əhəmiyyətli üstünlüklərdən biri də elektrik mühərrikli avtobusların iqtisadi cəhətdən daha səmərəli olmasıdır.
Sputnik
BAKI, 17 dekabr — Sputnik. 2030-cu ilədək Bakı şəhərinin ictimai nəqliyyatında istifadə olunacaq bütün avtobuslar elektrikli olacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agnetliyi (AYNA) məlumat yayıb. Qurum bəyan edib ki, elektrik mühərrikli avtobuslar benzin və dizellə işləyən şəhər nəqliyyatı ilə müqayisədə ekoloji cəhətdən daha təhlükəsizdir. Çünki elektrik mühərrikli nəqliyyat vasitələrinin emissiyası sıfıra bərabərdir. Həmçinin nəqliyyatın yaratdığı problemlərdən biri də səs çirkliliyidir. Elektrik mühərrikli nəqliyyat vasitələri isə digər nəqliyyat növləri kimi səs-küy yaratmır.
Əhəmiyyətli üstünlüklərdən biri də elektrik mühərrikli avtobusların iqtisadi cəhətdən daha səmərəli olmasıdır. Benzinlə qət edilən 1 km məsafəni elektrik enerjisi ilə qət edilən 1 km məsafə ilə müqayisə etsək, yanacağın dəyəri baxımından burada mütləq elektrikli nəqliyyat üstün gəlir. Elektrikli avtobuslar benzin və ya dizellə işləyən avtobuslardan qat-qat az daxili hərəkət hissələrinə malikdir. Bu da istismar xərclərini azaldır.