BAKI, 17 dekabr — Sputnik. Ambulator dərman vasitələrinin təminatına gələn ilin 6 ayı üzrə 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Sputnik Azərbaycan xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ilk mərhələdə ürək-damar sistemi, ikinci mərhələdə həzm sistemi, üçüncü mərhələdə isə tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar olacaq.
O qeyd edib ki, "Tibbi sığorta haqqında" qanun Milli Məclisdə 3-cü oxunuşdan keçib:
"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Bu o deməkdir ki, ambulatorda dərman təminatına ilin ikinci yarısı başlanılacaq".
Qurum rəhbəri qeyd edib ki, hazırda tibbi xidmətlərin xərclərini dəqiq müəyyənləşdirməyə, xərc yaradan amilləri təhlil etməyə çalışırlar. O bildirib ki, 10 müəssisə üzrə analizlər aparılıb və ilkin metodologiya artıq hazırlanıb.
Zaur Əliyev qeyd edib ki, hazırda optimallaşdırma təkliflərinin hazırlanması üzərində işlər aparılır: "Gələcəkdə bu prosesi avtomatlaşdırmaq və daha çox tibbi müəssisəsini əhatə etmək planlaşdırılır".
Z.Əliyev həmçinin deyib ki, icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərə edilən müraciətlərin sayı ötən illə müqayisədə 9% artaraq 22 milyonu keçib.
Onun sözlərinə görə, göstərilən xidmətlərin sayı ötən illə müqayisədə 20% artaraq 76,8 milyon olub.
Z.Əliyev bildirib ki, bu rəqəmlər əhalinin icbari tibbi sığorta sisteminə olan inamının artdığını və tibbi xidmətlərə əlçatanlığın əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.