BAKI, 16 dekabr — Sputnik. Rəsmi Tbilisi münasibətləri normallaşdırmağa hazır olduğu qədər, Rusiya Gürcüstanla buna hazırdır. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RİA Novosti-yə bildirib.
"Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətləri pozan Rusiya tərəfi deyildi. Bunu 2008-ci ilin avqustunda Cənubi Osetiya və Rusiyaya qarşı aqressiv müharibəyə başlayan Saakaşvili rejimi etdi. Biz rəsmi Tbilisi ilə münasibətləri normallaşdırmağa hazırıq. Rusiya-Gürcüstan münasibətlərinə gəlincə, biz həmişə onların qarşılıqlı fayda və maraqların nəzərə alınması əsasında inkişafına sadiq olmuşuq" - Qaluzin bildirib.
Agentliyin son seçkilər və Kavelaşvilinin seçilməsini Rusiya tərəfinin necə dəyərləndirməsi ilə bağlı sualını cavablandıran Qaluzin vurğulayıb ki, Rusiya tərəfi Gürcüstanda daxili hadisələrə qarışmır.
"Biz suveren dövlətlərdə baş verən daxili hadisələrə qiymət verməməyə çalışırıq", - o qeyd edib.
Xatırladaq ki, Mixail Kavelaşvili Gürcüstanın altıncı prezidenti olacaq. O, 300 seçicidən 224 səs toplayıb. M.Kavelaşvili Gürcüstan prezidenti vəzifəsinə yeganə namizəd idi. Onun namizədliyi hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası tərəfindən irəli sürülüb. M.Kavelaşvilinin andiçmə mərasimi dekabrın 29-da keçiriləcək.