CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya kapitalımızı kimə etibar edək? Özəl təqaüd fondları yaradılır

Ekspert deyir ki, yeni qanunda mütləq vətəndaşın DSMF-də olan yığımını istədiyi halda və tam şəkildə özəl təqaüd fonduna köçürmək imkanı olmalıdır.
Sputnik
BAKI, 16 dekabr — Sputnik. "Özəl təqaüd fondlarının yaranması rəqabətli mühitin formalaşması baxımından müsbət yenilikdir. Amma bu fondların nə qədər vətəndaşlar üçün əlverişli olacağı qanunda öz əksini tapacaq müddəalardan asılıdır". Bunu Sputnik Azərbaycan-a açıqlamasında özəl təqaüd fondlarının yaranması ilə bağlı xəbəri şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Qeyd edək ki, Azərbaycanda qeyri-dövlət (özəl) pensiya fondlarının yaradılacağı açıqlanıb. Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin məlumatına görə, bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır. Müvafiq qurumlarla müzakirələrin nəticəsində özəl pensiya fondlarının fəaliyyətinin hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması, həmin fondların fəaliyyətinə nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi məqsədilə layihənin təkmilləşdirilməsi üçün aidiyyəti qurumların nümayəndələri ilə birlikdə iş aparılır.
Ekspert Natiq Cəfərli
"Hər şey qanunda əks olunacaq müddəalardan asılıdır"
N.Cəfərli deyib ki, "Qeyri-dövlət pensiya fondları haqqında" qanun layihəsi hələ ictimaiyyətə açıqlanmadığından, indidən bununla bağlı qəti fikir söyləmək mümkün deyil.

"Maraqlı məqamlardan biri odur ki, özəl pensiya fondları yarandıqdan sonra DSMF-də hesabı, yəni pensiya yığımı olan şəxs özəl təqaüd fondu ilə müqavilə bağlaya biləcəkmi? Həmin vəsaitin özəl təqaüd fonduna köçürülməsi prosesi necə olacaq? Fərdi yoxsa tipik müqavilələrin hansının olacağı bilinmir. Ödənişlərlə bağlı seçim imkanlarının olub-olmayacağı da hələ məlum deyil. Amma ümumilikdə özəl təqaüd fondlarının yaranması bu sahədə ciddi rəqabətli mühitin formalaşmasına səbəb olacaq. Bu da vətəndaşlara seçim imkanları verəcək ki, pensiya yığımlarını hansı fondda saxlasın. Seçim imkanının hansı səviyyədə olması isə artıq qəbul ediləcək qanundan asılı olacaq".

Özəl təqaüd fondlarının hansı üstünlükləri olmaldır?
Ekspert deyir ki, yeni qanunda mütləq vətəndaşın DSMF-də olan yığımını istədiyi halda və tam şəkildə özəl təqaüd fonduna köçürmək imkanı əks olunmalıdır. Bundan əlavə vətəndaşlara fərdi müqavilə və ödəniş həcmini özəl fondlarla razılaşdırmaq hüququ verilməlidir. Eyni zamanda vətəndaşın DSMF və özəl fondlarda toplanan vəsaitinə sərəncam hüququ olmalıdır ki, həmin vəsaiti vərəsələrinə verə, müəyyən hissəsini özü xərcləyə bilsin.
Bununla yanaşı N.Cəfərli qeyd edib ki, özəl təqaüd fondlarının vəsaiti dövlət tərəfindən tam sığortalanmalıdır ki, bu fondlarla bağlı problem yarananda vətəndaşlar öz vəsaitini tam qoruya bilsinlər:

"DSMF və özəl təqaüd fondları topladığı, vətəndaşın fərdi hesabında olan vəsait üçün hər ilin sonunda, ən azı, inflyasiya səviyyəsi qədər indekləşmə ödəməlidir. Özəl təqaüd fondlarının iqtisadiyyata o zaman böyük dəstəyi olur ki, onlar investora çevrilib risksiz, yaxud da minimum riskli sahələrə yatırımlar ediirlər. Bunun üçün isə ölkədə investisiya mühiti yaxşılaşdırılmalı, indiki vəziyyət aradan qaldırılmalı, rəqabətli mühit formalaşmalıdır. Özəl təqaüd fondları yatırımdan qazandıqları vəsaitin bir hissəsini öz üzvlərinə pay kimi ilin sonunda ödəməlidir. Hələlik bunları qanuna salsalar, qəbul edilmiş yeni qaydaların hər kəsə, o cümlədən ölkəmizə müsbət təsiri ola bilər".

Əsas vətəndaşların inamını qazanmaqdır!
Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədovun isə fikrincə, vətəndaşlarda yaranacaq özəl təqaüd fondlarına inam olmalıdır.

"Özəl pensiya fondlarına insanlarda inam olmalıdır. Bunun üçün isə özəl təqaüd fonduna toplanacaq pul investisiya olunmalıdır. Burada maraqlı məqamlardan biri odur ki, Fond bu pulu hansı sahəyə investisiya formasında yatıracaq ki, oradan gələn gəlirlə həm özünü saxlasın, həm də camaata pul ödəsin. Fondun investisiya yatıracağı sahə risksiz sahə olmalıdır. Əks halda həmin pul bata bilər. Vətəndaşlarda həmin Fondlara inam olmalıdır. Hələ özəl pensiya fondlarına qoyulacaq pulun nə qədərinin dövlət tərəfindən sığortalanacağı bilinmir. İndi insanlar ona görə banka pul qoyur ki, o pulu dövlət sığortalayır. Əgər özəl təqaüd fonduna qoyulacaq vəsaitlər sığortalanmasa, vətəndaşlar bu riskə getməyəcəklər. Ondansa pulu banka qoyub üzərində faiz əldə etməyə daha çox üstünlük verəcəklər", - deyə Sahib Məmmədov bildirib.

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
Özəl pensiya fondlarına qoyulacaq pul vərəsələrə keçəcək
S.Məmmədov onu da bildirib ki, ƏƏSMN hazırda beynəlxalq praktikanı öyrənir. Nazirlik istəyir ki, Azərbaycanda elə özəl pensiya fondları yaradılsın ki, onlar işlək olsun.
Amma S.Məmmədov özəl təqaüd fondlarının perespektivini görmədiyini də dilə gətirib. Bildirib ki, qonşu dövlətlərdə belə fondlar yaradılsa da uğurlu olmayıb. Bununla belə o, özəl pensiya fondlarının üstün cəhətlərinin olduğunu deyib.

"Üstün cəhətlərindən biri odur ki, özəl pensiya fondlarına qoyulacaq pul vərəsəliklə keçir. Ora qoyulacaq vəsaiti vətəndaşın götürmək imkanı da olur. Bununla belə özəl pensiya fondlarına qoyulacaq pulun riskləri də var. Dövlət orqanları da praktikaları öyrənir ki, Azərbaycanda riskləri az olan bir modeli tətbiq etsinlər".

Deputat nikbin danışır
Milli Məclisin deputatı Vüqar Bayramov əksər inkişaf etmiş dövlətlərdə vətəndaşlar özəl pensiya fondlarından çox sıx şəkildə istifadə etdiklərini söyləyib. Deputat bildirib ki, özəl pensiya fondu imkan verir ki, vətəndaşlar pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, özəl fonddan da pensiya ala bilsin. Onun sözlərinə görə, bu da pensiya məbləğinin artmasına gətirib çıxarır.
"Özəl pensiya fondu yaradılarsa, vətəndaş pensiyaya çıxan zaman, əgər onun pensiya məbləği 500 manatdırsa, özəl pensiya fonduna ödədiyi ödənişlər nəticəsində əlavə olaraq, məsələn 300 manat almaq imkanı qazanacaq. Təbii ki, özəl fonddan ödənilən pensiya məbləği birbaşa yığımlardan asılı olacaq. Bu zaman daha çox yığım daha çox pensiya məbləği demək olacaq", - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin deputatı Vüqar Bayramov
V.Bayramov onu da bildirib ki, özəl pensiya fondunun etibarlılığı da çox önəmlidir:

"Çünki belə pensiya fondları yaranarsa, vəsaitlər manatla yığılacaq və onun idarə edilməsi həyata keçiriləcək. Ona görə də, burada ilkin kapitalın formalaşdırılması, etibarlılığın artırılması önəm daşıyır. Bu baxımdan, özəl pensiya fondları yaradıldıqdan sonra orada yığılan vəsaitlərin indeksasiyasının həyata keçirilməsi və valyuta risklərinin sığortalanması məqsədəuyğun olardı. Ona görə də mexanizmin daha təkmil şəkildə hazırlanıb təqdim edilməsi vacibdir".

Xatırladaq ki, özəl pensiya fondları sosial sığorta vəsaitlərinin dövr etdirilməsini, pensiyanın təyinini və ödənilməsini həyata keçirən bir qurum kimi formalaşdırılır. Bu fondlar əsasən, vətəndaşların ödədiyi sosial sığorta vəsaitlərinin dövriyyəsini təşkil edib, ondan əlavə vəsaitlər qazanır. Sonra isə bu vəsaitlər hesabına pensiya təminatını yüksəldir. Ekspertlərin fikrincə, qeyri-dövlət pensiya fondlarının yaranması rəqabəti formalaşdırmaqla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun dövlət büdcəsinin transfertlərindən asılılığını da azalda bilər.
Sosial sığorta – fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.
"Sosial sığorta haqqında" qanuna əsasən, məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Azərbaycanın qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Sosial müdafiə və işsizlikdən sığorta fondlarının büdcələri II oxunuşda təsdiqlənib