BAKI, 16 dekabr — Sputnik. Hərbi xidmətə çağırış yaşının endirilməsinin elm, təhsil üçün müsbət tərəfləri var. Bunu Sputnik Azərbaycan-a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov söyləyib.
O bildirib ki, müddətli hərbi xidmətə çağırış yaşının yuxarı həddinin 30-a endirilməsi təhsil və elm sahəsinə bir sıra müsbət təsir edəcək.
"Əvvəla bu dəyişiklik gənclərin təhsil prosesinə fasilə vermədən davam etməsinə imkan yaradır. Daha erkən yaşda hərbi xidməti başa vurmaq, tələbələrin ali təhsil, magistratura və doktorantura mərhələlərinə gecikmədən başlamasını təmin edir. Bununla yanaşı, elmi tədqiqatlarla məşğul olan gənclərin xidmət müddəti səbəbindən fəaliyyətlərini yarımçıq qoyması ehtimalını azaldır və onların intellektual fəaliyyətə daha erkən qayıtmasını asanlaşdırır", deyə Kamran Əsədov söyləyib.
O, bildirib ki, bu yanaşma, həmçinin elmi və akademik sahədəki kadr çatışmazlığını aradan qaldırmağa kömək edir:
"Hərbi xidmətdən sonra iş və təhsil mühitinə inteqrasiya daha erkən baş verdiyindən, gənclərin həm akademik, həm də peşəkar sahədə məhsuldarlığı artır. Elmi fəaliyyət və təhsil sahəsində vaxt itkisini minimuma endirərək ölkənin intellektual potensialının səmərəli istifadəsinə şərait yaradır. Bu da ölkənin ümumi elmi və təhsil inkişafına müsbət təsir göstərir".
Qeyd edək ki, hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35 yaşdan 30 yaşa endirilir.
Bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklik edilməsi təklif edilib.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.