BAKI, 16 dekabr— Sputnik. Azərbaycanda siyasi partiyalara maliyyə yardımı artırılır.
Bunu maliyyə naziri Sami Şərifov Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı bildirib.
Nazir bildirib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait 1,0 milyon manat və ya 20 faiz artırılır.
Qeyd edək ki, 2025-ci ildə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat olacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində əksini tapıb.
Gələn il dövlət büdcəsinin xərcləri isə 41 milyard 407,6 milyon manat olacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.