BAKI, 16 dekabr — Sputnik. "Azərbaycanda qanunsuz tikilmiş evlərin sənədləşdirilməsi üçün qanun layihəsi üzərində iş aparılır. Amma biz eyni zamanda qanuna qanunsuz evlərin inşasının qarşısını almaq üçün məsələləri daxil etməliyik. Çünki qanunsuz tikililər hələ də davam edir".
Bunu bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı keçirilən brifinqdə Sputnik Azərbaycan-ın sualına cababda bildirib.
O, əlavə edib ki, Azərbaycanda 400 minə yaxın qeyri-qanuni tikili qeydə alınıb.
Onun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib:
"Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri və yerli müşahidə orqanları tərəfindən həyata keçirilən bu proses müəyyən mərhələdə dayandırılıb. İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı işlərini davam etdirir, lakin bu proses tikililərin dəqiq sayını müəyyənləşdirmək məqsədi daşımır. İnventarlaşdırma zamanı toplanmış ilkin məlumatlara əsasən, ölkə üzrə 400 minə yaxın qeyri-qanuni tikilinin olduğu qeyd edilir və hazırda bu rəqəm dəqiqləşdirilir".
R.Şahbazov deyib ki, mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir:
"Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir".