BAKI, 15 dekabr — Sputnik. Türkiyənin energetika naziri Alparslan Bayraktar cümə axşamı bildirib ki, sanksiyalarla bağlı problemlər Akkuyu atom elektrik stansiyası layihəsinin icrasına təsir etsə də, o, ən qısa zamanda həyata keçiriləcək.
"Layihənin icrası zamanı biz çətinliklərlə qarşılaşmışıq və onlarla qarşılaşmaqda davam edəcəyik. Müxtəlif sanksiyalarla üzləşmişik - birbaşa və ya dolayısı ilə. Amma bizdə böyük inam və qətiyyət var. İnanırıq ki, bu iş ən qısa zamanda yekunlaşacaq ", - deyə nazir Mersində çıxış edərkən bildirib.
Oktyabrda Rusiya baş nazirinin müavini Aleksandr Novak Almaniyanın "Siemens" şirkətinin Türkiyədəki "Akkuyu" AES-in 1 nömrəli enerji blokuna avadanlıqların tədarükü ilə bağlı öhdəliklərini pozduğunu, bu şirkətlə aparılan danışıqların nəticə vermədiyini, ona görə də dost ölkələrdən alternativin alındığını bildirmişdi.
Rusiya və Türkiyə tərəfləri Siemensin stansiya üçün paylayıcı avadanlıqların tədarükündən imtina etməsi ilə bağlı vəziyyətin Akkuyu AES layihəsinin həyata keçirilməsinə necə təsir etdiyini birlikdə qiymətləndirir, "Akkuyu Nüvə"nin tikinti və istehsalın təşkil olunması üzrə direktoru Denis Sezyomin bildirib.
Noyabrın 1-də Bayraktar bildirib ki, Almaniya kansleri Olaf Şolts İstanbula son səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Siemens-in Türkiyədəki Akkuyu atom elektrik stansiyası üçün gecikmiş avadanlıqları tədarük edəcəyinə söz verib. Lakin bu avadanlığın 99%-i artıq istifadə olunmayacaq.
Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də imzalanmış hökumətlərarası sazişə əsasən, ilk enerji blokunun işə salınması birinci enerji blokunun tikintisinə icazə alındıqdan sonra yeddi il ərzində, yəni 2025-ci ildə baş tutmalıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.