CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rövşən Rüstəmov: Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına başlanacaq

Cari ildə Orta Dəhlizlə yükdaşımalar ötən illə müqayisədə artıb. Dəhlizlə bağlı kifayət qədər ciddi işlər görülüb.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Yaxın günlərdə Bakı-Balakən istiqamətində sərnişin daşınmasına start veriləcək. Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) rəhbəri Rövşən Rüstəmov bildirib.

"Artıq deyə bilərəm ki, buna sayılı günlər qalıb. Tezliklə ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Hazırlıq işləri tamamlanmaq üzrədir: infrastruktur tam hazırdır, stansiyalarda təmir işləri yekunlaşır. Yaxın vaxtlarda bunun şahidi olacağıq", - deyə R. Rüstəmov bildirib.

Rövşən Rüstəmov
Qurum rəhbəri əlavə edib ki, bu il Orta Dəhlizlə yükdaşımalar ötən illə müqayisədə artıb: "Dəhlizlə bağlı kifayət qədər ciddi işlər görülüb:

"Ötən həftə Gürcüstanda Qazaxıstan və Azərbaycanın dəmir yolu rəhbərlərinin birgə üçtərəfli görüşü oldu. Görüşdə bu dəhlizin inkişafı üçün atılacaq addımları müzakirə etdik. O cümlədən, keçən il yaradılmış birgə müəssisənin aktivləşdirilməsi üçün prinsipial qərarlar verildi. Artıq birgə müəssisənin əməliyyat və maliyyə modelinin təqdimatı olub. Növbəti il bu istiqamətdə, xüsusən də Çindən gələn yüklərlə bağlı qərarlar verilib. Çindən gələn blok qatarlarının sayının 3 dəfə artırılaraq 1000-ə çatdırılması planlaşdırılır".

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 6 milyon 941,7 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % çoxdur. ADY 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7 milyon sərnişin daşıyıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.