RUSİYA

Həştərxan vilayəti ilə Azərbaycan arasında ticarət genişlənir - Rəsmi

Hazırda Həştərxan vilayətində 19 Azərbaycan şirkəti qeydə alınıb və fəaliyyət göstərir.
Sputnik
BAKI, 15 dekabr - Sputnik. Cari ildə Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında 2024-2026-cı illər üçün qarşılıqlı əməkdaşlıq əlaqələrinin artırılması barəsində proqram qəbul edilib və hazırda həmin proqram icra olunur. Bu barədə Azərtac Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan hökuməti arasında iqtisadi-ticarət, elmi-texniki və mədəniyyət sahəsində əməkdaşlıq haqqına 2011-ci ildə razılaşma imzalanıb.
İqtisadi-ticarət əlaqələrinə toxunan nazir vurğulayıb ki, Həştərxan vilayətindən Azərbaycana əsasən balıq və balıq məhsulları, gəmi tikintisi üçün materiallar, duz, mebel, elektrik cihazlar ixrac edilir. Azərbaycandan isə Həştərxan vilayətinə müxtəlif təyinatlı borular, meyvə-tərəvəz, elektrik avadanlıqları idxal edilir.
2023-2024-cü illər ərzində Həştərxan vilayətinin sahibkarları Azərbaycanın müvafiq qurumları ilə 670 min dollar dəyərində 10 müqavilə imzalayıblar. Bu müqavilələrə əsasən Azərbaycana balıqçılıq təsərrüfatı və qida sənayesi məhsulları ixrac olunub.
Həştərxan vilayətində Azərbaycana məxsus 19 şirkət qeydə alınıb. Bu şirkətlər topdan ticarət, nəqliyyat, gəmi qayırma, sahələrində fəaliyyət göstərirlər.
Həm yerli, həm də regiona sərmayə yatıran Azərbaycan sahibkarları Həştərxanda fəaliyyət göstərən Azərbaycan Biznes Mərkəzi ilə yaxından əməkdaşlıq edir, burada müxtəlif sərgilər, görüşlər, forumlar və başqa tədbirlər keçirərək fəaliyyət dairələrini daha da genişləndirirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.