BAKI, 14 dekabr - Sputnik. Dekabrın 14-də Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili ölkədə keçirilən prezident seçkilərindən danışaraq, heç kimin heç kimi seçmədiyini deyib.
Bu barədə APA xəbər verir.
“Heç kim heç kimi seçməyib. Heç nə baş verməyib”, - deyə prezident bildirib. O, vətəndaşları və ölkənin gələcəyini sona qədər müdafiə edəcəyini deyib.
Qeyd edək ki, Gürcüstanın “Gürcü arzusu” partiyasından prezidentliyə namizəd Mixail Kavelaşvili prezident seçkilərində tələb olunan 200 səsi toplayıb.
Bundan əvvəl də Zurabişvili səlahiyyət müddətinin başa çatdığı 29 dekabr tarixindən sonra prezident sarayını tərk etməyəcəyini açıqlamışdı.