BAKI, 13 dekabr— Sputnik. Milli Məclisdə "Minatəmizləmə fəaliyyəti haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun tarixi qələbəsindən sonra işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prioritet məsələlərdən biridir. Komitə sədri minaların insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığını, torpaqlardan istifadəni əngəllədiyini və ümumilikdə böyük qayıdış prosesinə ciddi maneələrdən biri olduğunu qeyd edib. O, müzakirəyə təqdim olunan qanun layihəsinin humanitar minatəmizləmə əməliyyatına aid olduğunu, onun hərbi əməliyyatlar başa çatdıqdan sonra mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirildiyini deyib.
Arzu Nağıyev diqqətə çatdırıb ki, qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim edilib. 3 fəsil, 14 maddədən ibarət olan qanun Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin hüquqi, iqtisadi, sosial və təşkilati əsaslarını müəyyən edir. Bildirilib ki, ümumi müddəaların təsbit edildiyi birinci fəsildə qanunda istifadə olunan əsas anlayışların mənası, qanunvericilik və bu qanunun tətbiq dairəsi müəyyən edilir. İkinci fəsildə mina əleyhinə fəaliyyətin təşkili və həyata keçirilməsi sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tədbirlər, habelə təhlükəli ərazilərdə minatəmizləmə subyektləri və bununla bağlı tələblər öz əksini tapıb. Üçüncü fəsildə isə yekun müddəalar, o cümlədən minatəmizləyənlərin təminatları, mina əleyhinə fəaliyyətin maliyyələşdirilməsi, Qanunun pozulmasına görə məsuliyyətlə bağlı maddələr ehtiva olunur.
Qeyd edək ki, qanun layihəsinə əsasən, minatəmizləyənlərin pensiya təminatı "Əmək pensiyaları haqqında" qanuna uyğun olaraq həyata keçiriləcək.
Minatəmizləyənlərin minatəmizləmə fəaliyyətinin həyata keçirilməsi zamanı yarana biləcək təhlükələrdən sığortalanması müvafiq olaraq "Tibbi sığorta haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının qanunları ilə tənzimlənəcək.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.