AZƏRBAYCAN XƏBƏRLƏRİ

Diplomatik xidmət ilə bağlı yeni qanun gəlir

Layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir.
Sputnik
BAKI, 13 dekabr— Sputnik. Milli Məclisdə “Diplomatik xidmət haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Plenar iclasda parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov diqqətə çatdırıblar ki, layihə diplomatik xidmət sahəsinin müasir tələblərə uyğun təşkilini və hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Yeni qanun diplomatik xidmətdə tənzimlənməyən aktual məsələlərin həllinə, hüquqi əsasların yenilənməsinə, əməkdaşların hüquq və vəzifələrinin dəqiq müəyyən edilməsinə, rotasiya və beynəlxalq təşkilatlarda fəaliyyət kimi bir sıra mühüm məsələlərin həllinə yönəlib.
İclasda “Diplomatik xidmət haqqında” yeni qanun layihəsinin əhəmiyyəti qeyd olunub, layihənin qəbulundan sonra bir sıra qanunlarda ediləcək dəyişikliklərin diplomatik xidmət əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi və sosial təminat məsələlərinin həlli sahəsində zəruri olduğu vurğulanıb.
Bildirilib ki, bu dəyişikliklər diplomatik xidmətin hüquqi tənzimlənməsini gücləndirərək, mövcud məsələlərin həllinə və xidmətin effektivliyinin artırılmasına töhfə verəcək.
Səməd Seyidov bildirib ki, COP29 konfransı ölkəmizin beynəlxalq imicini yüksəltməklə, iqlim və ekologiya sahəsində tarixi nəticələr əldə etməklə, 196 dövlətin 80 min iştirakçısını və dünyanın 80 dövlət başçısını Bakıya gətirməklə, bizə qarşı çıxan qüvvələrin üzərində diplomatik zirvənin parlaq nümunəsidir: "Bunu Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirmək olar”.
Parlamentin komitə sədri xatırladıb ki, “Diplomatik xidmət haqqında” qanun 2001-ci ildə qəbul olunanda Azərbaycanın 40-dək xarici nümayəndəlikləri fəaliyyət göstərirdi: "Bu gün isə onların sayı 88-dir. O vaxtlar Azərbaycan bir neçə ölkə ilə sərbəst gediş-gəlişini təşkil edə bilərdi, bu gün isə 80-dən çox ölkəyə Azərbaycan vətəndaşının pasportları ilə gediş-gəliş mümkün olur. Bu gün faktiki olaraq diplomatik təşkilatlarda öz nümayəndələrimizin həm sosial, həm diplomatik statusunu təmin etmək imkanını əldə edə bilirik”.
Qeyd edək ki, Xarici İşlər Nazirliyinin Hüquqi təminat idarəsinin rəisi Hüseyn Hüseynov qanun layihəsinin 5 fəsil və 31 maddədən ibarət olduğunu qeyd edərək, layihənin hazırlanması prosesində diplomatik xidmət orqanlarının və həmin orqanlarda xidmət edən əməkdaşların fəaliyyətinin tənzimlənməsi ilə bağlı ehtiyac duyulan məsələlərin araşdırıldığını bildirib. O, həmçinin qanun layihəsinin hazırlanmasında diplomatik xidmət sahəsində beynəlxalq təcrübənin, dövlət qulluğu sahəsində Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının müvafiq normalarının, sənədlərin və məlumatların təhlil edildiyini deyib. Hüseyn Hüseynov, yeni qanun layihəsi qəbul edildikdən sonra 2001-ci il 8 iyun tarixli “Diplomatik xidmət haqqında” qanunun ləğv ediləcəyini və yeni qanunun tətbiqi ilə əlaqədar bir sıra digər qanunvericilik aktlarında da dəyişikliklər ediləcəyini diqqətə çatdırıb.
"Diplomatik xidmət haqqında" yeni qanunda nələr var?
Bu qanun Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının fəaliyyət istiqamətlərini və funksiyalarını, diplomatik xidmət orqanlarında xidmətin hüquqi əsaslarını və təşkili qaydalarını, eləcə də diplomatik xidmət orqanı əməkdaşlarının hüquqi vəziyyətinin əsaslarını, əməkdaşların və onların ailə üzvlərinin maddi təminatı və sosial müdafiəsi ilə bağlı məsələləri tənzimləyir.
Diplomatik xidmət orqanlarının əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
-Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda təmsil olunması;
-Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, milli təhlükəsizliyinin və milli maraqlarının xarici siyasət vasitələri ilə və diplomatik üsullarla qorunması və təmin olunması;
-Azərbaycan Respublikası ilə xarici dövlətlər və beynəlxalq təşkilatlar arasında dostluq münasibətlərinin, sülhün və əməkdaşlığın inkişaf etdirilməsi;
-beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasına xarici siyasət vasitələri ilə töhfə və diplomatik üsullarla dəstək verilməsi;
-xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin hüquqlarının və qanuni mənafelərinin xarici siyasət vasitələri ilə və diplomatik üsullarla müdafiəsi;
-Azərbaycan Respublikasının xarici siyasətinin vahid xətt üzrə həyata keçirilməsinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının) xarici əlaqələr sahəsində fəaliyyətinin əlaqələndirilməsi;
-beynəlxalq siyasi, ictimai, iqtisadi və təhlükəsizlik vəziyyətinin, xarici dövlətlərin xarici və daxili siyasətinin, beynəlxalq təşkilatların fəaliyyətinin təhlili;
-Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul əlaqələrinin, beynəlxalq təşkilatlarla diplomatik əlaqələrinin həyata keçirilməsi;
-xaricdə yaşayan soydaşlarla bağlı dövlət siyasətinin həyata keçirilməsinə və əlaqələrin inkişafına dəstək verilməsi;
-Azərbaycan Respublikasının dövlət protokolunun təmin olunması;
-konsul işinin təşkil edilməsi və konsul funksiyalarının həyata keçirilməsi.
-Diplomatik xidmət orqanları Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş digər istiqamətlərdə də fəaliyyət göstərə bilərlər.
Diplomatik xidmət orqanının əməkdaşları aşağıdakı əsas hüquqlara malikdirlər:
-xidməti vəzifələrini yerinə yetirmək üçün həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən xidmət şəraiti ilə təmin olunmaq;
-Azərbaycan Respublikasının və qəbul edən dövlətin tərəfdar çıxdıqları beynəlxalq müqavilələrlə, eləcə də qanunla müəyyən olunmuş güzəştlərdən, imtiyazlardan və immunitetlərdən istifadə etmək;
-xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icrası məcburi olan göstərişinin və ya əmrinin qanuniliyi və ya dürüstlüyü şübhə doğurursa, onların yazılı şəkildə verilməsini tələb etmək;
-dövlət məvacibi almaq;
-əlavə təhsili və xidməti vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla xidmətdə irəli çəkilmək iddiasında olmaq;
-öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, onların surətlərini əldə etmək, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
-şərəf və ləyaqətinə xələl gətirən məlumatların təkzib edilməsi üçün xidməti araşdırmanın aparılmasını tələb etmək;
-müvafiq orqanlarda və məhkəmədə öz hüquqlarını və qanuni mənafeyini müdafiə etmək;
-elmi və yaradıcılıq fəaliyyəti ilə, həmçinin xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
-əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək (əgər bu, maraqların toqquşması və korrupsiya hüquqpozmalarına səbəb olmursa);
-həmkarlar ittifaqlarında birləşmək;
-normativ hüquqi aktlarda başqa hal nəzərdə tutulmayıbsa və bu, diplomatik xidmət orqanı əməkdaşının vəzifələrinin icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərə üzv olmaq;
-“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada dövlət vəsaiti hesabına əlavə təhsil almaq və müvafiq təlim keçmək;
-normativ hüquqi aktlarda nəzərdə tutulan hallarda və qaydada məzuniyyət və sığorta hüquqlarından istifadə etmək, pensiya, müavinət və kompensasiyalar almaq.
Diplomatik xidmət orqanı əməkdaşlarının aşağıdakıları etməsinə məhdudiyyət qoyulur:
-Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərinə xələl gətirə biləcək hərəkət və davranışlara yol verməsinə;
-tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməsinə;
-diplomatik xidmətinə xitam verildikdən sonra normativ hüquqi aktlarla müəyyən edilmiş müddət ərzində öz xidməti fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməsinə;
-xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə;
-əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutmasına;
-xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına;
-dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına;
-xarici dövlətin vətəndaşlığının, xarici dövlətdə müvəqqəti və ya daimi yaşamaq hüququ verən icazənin (sənədin) əldə edilməsi üçün müraciət etməsinə (xidməti fəaliyyətlə əlaqədar qeydiyyat (akkreditasiya) istisna olmaqla);
-müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və ya xidmət keçdiyi diplomatik xidmət orqanı rəhbərinin icazəsi olmadan xarici dövlətin və ya beynəlxalq təşkilatın vəsaiti, eləcə də digər xarici mənbələr hesabına səfərlərə getməsinə və tədbirlərdə iştirak etməsinə.
Diplomatik xidmət əməkdaşının andı
İlk dəfə daimi diplomatik xidmətə qəbul olunan Azərbaycan Respublikasının vətəndaşı vəzifəsinin icrasına başlamazdan əvvəl aşağıdakı məzmunda and içir: “Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət göstərəcəyimə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, üzərimə düşən vəzifələri qərəzsiz, vicdanla və məsuliyyətlə yerinə yetirəcəyimə, hər zaman diplomatik xidmət əməkdaşı adını uca tutacağıma və Azərbaycan Respublikasını ləyaqətlə təmsil edəcəyimə and içirəm”.
And içən diplomatik xidmət əməkdaşı andının yazılı mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
Diplomatik xidmətdə olmanın yaş həddi
-Vəzifəyə təyin olunan diplomatik xidmət əməkdaşlarının diplomatik xidmətdə olmalarının yaş həddi 65 yaşdır.
-65 yaşına çatmış diplomatik xidmət əməkdaşlarının xidmətdə olma müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq 5 ilədək uzadıla bilər.
-Xidmətdə olma müddəti uzadılmış diplomatik xidmət əməkdaşlarının sayı diplomatik xidmət orqanlarının ümumi ştat vahidi sayının 15 faizindən artıq olmamalıdır.
Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq birinci oxunuşda qəbul edilib.