DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Blinken Suriya mövzusunda Türkiyə ilə razılaşdıqlarını açıqladı

ABŞ dövlət katibi bildirib ki, müzakirələrdə qarşıdakı fürsətə və Suriya xalqı ilə bağlı vəziyyətə diqqət yetiriblər.
Sputnik
BAKI, 13 dekabr — Sputnik. ABŞ dövlət katibi Antoni Blinken Vaşinqton və Ankaranın Suriyanın gələcəyi ilə bağlı geniş şəkildə razılaşdıqlarını deyib. Bu barədə Türkiyə mediası məlumat yayıb.
"Biz önümüzdəki fürsətə və Suriya xalqı ilə bağlı vəziyyətə diqqət yetirmişik. Biz Suriya xalqını Bəşər Əsədin buxovlarından azad etməyə hədəflənmişik. Prezident Ərdoğan, Xarici İşlər Naziri Hakan Fidan ilə müzakirələrimiz zamanı Suriyanın gələcəyinə baxış istiqamətində atdığımız addımlar barədə geniş şəkildə razılığa gəldik", - dövlət katibi bildirib.
Bundan əvvəl Suriyada dövlət televiziyasını ələ keçirən silahlı müxalifət nümayəndələri ölkəyə nəzarəti bərqərar etdiklərini bildirərək efirə çıxıblar. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali bir neçə nazirlə ölkədə qaldığını, lakin müdafiə nazirinin harada olduğunu bilmədiklərini deyib. Baş nazir silahlı müxalifətin rəhbərliyi ilə də əlaqə qurduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsinin bir sıra iştirakçıları ilə danışıqlardan sonra vəzifəsindən istefa vermək qərarına gəlib və hakimiyyətin sülh yolu ilə ötürülməsi barədə göstərişlər verərək Suriyanı tərk edib, Rusiya isə danışıqlarda iştirak etməyib.
Bazar günü, dekabrın 8-də Kremldəki mənbə RİA Novosti-yə bildirib ki, Əsəd və onun ailə üzvləri Moskvaya gəliblər - Rusiya humanitar mülahizələrə əsaslanaraq onlara sığınacaq verib. Agentliyin həmsöhbəti onu da qeyd edib ki, Rusiya rəsmiləri liderləri Rusiya Federasiyasının Suriyadakı hərbi bazalarının və diplomatik qurumlarının təhlükəsizliyinə zəmanət verən silahlı Suriya müxalifətinin nümayəndələri ilə əlaqə saxlayır.