BAKI, 12 dekabr — Sputnik. Dekabrın 12-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Dekabrın 12-də kimlər anadan olub?
Emin Ağalarov (1979) - Azərbaycanın xalq artisti, müğənni, musiqiçi, bəstəkar və iş adamıdır.
Emin Ağalarov
© Photo : Courtesy of Emin Agalarov
Nikolay Karamzin (1766 -1826) - Rusiya tarixçisi, sentimentalizm dövrünün şairi və yazıçısıdır. O, 1797-ci ildə "Yo" (ё) hərfini təqdim edib.
Elvin Krenzlayn (1876 - 1928) - amerikalı yüngül atletika idmançısı və Parisdə ikinci Olimpiadanın dördqat qalibidir (1900). Krenzlayn həmçinin açıq ayaqla maneələri dəf etmənin ilk təşəbbüsçüsü kimi də tanınır.
Frenk Sinatra (1915 - 1998) - amerikalı müğənni, kinoaktyor, kinorejissor, prodüser və şoumendir. O, "Oskar" film mükafatı, 11 dəfə "Qremmi" musiqi mükafatı və dörd dəfə "Qızıl Qlobus" mükafatı laureatıdır.
Frenk Sinatra
© AP Photo / Jacob Harris
Vladimir Şainski (1925 - 2017) - Rusiya bəstəkarı və RSFSR xalq artistidir. O, "Çeburaşka" və "Timsah Gena" haqqında cizgi filmləri də daxil olmaqla, uşaqlar üçün bir çox məşhur mahnı və musiqilərin müəllifidir.
Çingiz Aytmatov (1928 - 2008) – Qırgızıstan və Rusiya yazıçısı, ictimai-siyasi xadimdir. Onun əsərləri 174 dilə tərcümə olunub.
Vitali Solomin (1941 - 2002) - Rusiya aktyoru, teatr və kino rejissoru, ssenarist, RSFSR xalq artistidir. O, daha çox "Şerlok Holms" haqqında sovet televiziya serialında Doktor Vatson rolu ilə tanınıb.
Klara Novikova (1946) - Rusiyanın xalq artistidir. O, yüzlərlə komediya obrazı yaratmağı bacarıb ki, onlardan da ən məşhuru Sonya xala obrazıdır.
Cennifer Konnelli (1970) - amerikalı aktrisadır. O, uşaqlıqdan filmlərdə rol alır, lakin "Qaranlıq şəhər", "Bir yuxu üçün rekviyem", "Ağıl oyunları", "Balaca uşaqlar" və s. filmlərinin nümayişi ilə şöhrət qazanıb.
Cennifer Konnelli
© AP Photo / Jordan Strauss
Dekabrın 12-də dünyada baş verən tarixi hadisələr
1817-ci ildə Moskvada Manejin təntənəli açılışı olub. Bu möhtəşəm bina məşhur mühəndis və mexanik-alim, general-leytenant Avqustin Betankurun layihəsi əsasında altı ay ərzində tikilib.
1911-ci ildə Hindistanın paytaxtı Kəlkətədən Dehliyə köçürülüb.
1985-ci ildə "Arrow Air" aviaşirkətinin DC-8 sərnişin təyyarəsi Kanadanın Qander şəhərində qəzaya uğrayıb. Təyyarədə olan 256 nəfərin hamısı həlak olub. Bu, Kanada tarixində ən böyük təyyarə qəzasıdır.
1993-cü ildə ümumxalq səsverməsi ilə ən yüksək normativ hüquqi akt olan Rusiya Federasiyasının Konstitusiyası qəbul edilib.
1999-cu ildə Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri keçirilib. Demokratik seçkilər nəticəsində 51 şəhər, 8 rayon, 123 qəsəbə və 2409 kənd bələdiyyəsi formalaşıb.
2003-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vəfat edib.
2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası çərçivəsində Paris Sazişi qəbul edilib.