SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Delimitasiya prosesində üçüncü tərəfin iştirakına ehtiyac görmürük - Hikmət Hacıyev

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri deyir ki, Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının hər hansı missiyasının yerləşdirilməsi üçün lüzum görmürük.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. Ermənistan ərazisində hər hansı üçüncü ölkənin qüvvələrinin yerləşdirilməsi narahatlıq doğuran faktordur. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan tərəfi qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmür:

"Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının hər hansı missiyasının yerləşdirilməsi üçün lüzum görmürük. Həmin missiyanın fəaliyyəti artıq başa çatmalıdır. Missiyanın yerləşdirilməsi Praqada Azərbaycan Prezidenti İlham Əliyevin və Fransa Prezidenti Emmanuel Makronun, eləcə də Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə razılaşdırılmışdı. O missiya qısamüddətli olmalı idi. Biz gördüyümüz kimi bu, davamlı bir missiyaya çevrilir və tərkibi, habelə coğrafi mandat ərazisi genişləndirilir. Ermənistan və Azərbaycan arasında qarşılıqlı anlaşma və sülh şəraitində aparılan delimitasiya prosesində üçüncü tərəfin iştirakına hər hansı ehtiyac görmürük. Biz Avropa İttifaqının missiyasının regionda sülhün möhkəmləndirilməsinə xidmət edən faktor olduğunu hesab etmirik. Bu, narahatlıq doğuran faktordur".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.