BAKI, 11 dekabr — Sputnik. Ermənistan və Avropa İttifaqı arasında ikitərəfli münasibətlərin dərinləşdirilməsi üçün yeni sənəd üzərində danışıqlar aparılır. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlayıb.
Ermənistan XİN rəhbəri Aİ-nin Ermənistanın təhlükəsizliyinin təmin olunmasındakı rolunu da yüksək qiymətləndirir və bunu KTMT-dən inciklik fonunda edib. Mirzoyan bildirib ki, Aİ Ermənistanın təhlükəsizlik məsələlərində iştirak edir. XİN rəhbəri bunu Aİ-nin mülki misisyasının fəaliyyəti ilə əlaqələndirib.
Politoloq Yeganə Hacıyeva deyir ki, Aİ Cənubi Qafqazda öz maraqları üçün fəaliyyət göstərir:
"Bu o deməkdir ki, Ermənistan Aİ üçün xüsusi əhəmiyyət daşımır. Bu maraqlar çərçivəsində Aİ-nin Ermənistana təhlükəsizlik zəmanəti vermək kimi nə öhdəliyi, nə də bir məsuliyyəti var. Hazırkı mərhələdə məqsəd Ermənistandan istifadə edərək bölgəyə yerləşməkdir. Ermənistanın Aİ ilə bağlı hansı planlarının olmasından asılı olmayaraq, Aİ-nin Ermənistanla bağlı planlarında təhlükəsizlik zəmanəti öhdəliyi yoxdur".
Politoloq qeyd edir ki, mövcud şəraitdə Ermənistanın təhlükəsizliyinə tək zəmanət Rusiyadır:
"Qəribə də olsa, Aİ-nin mülki missiyasında Kanada təmsilçiləri də var və qeyd etməliyik ki, Kanada qanunvericiliyi təhlükəsizlik qüvvələrinə ölkə ərazisindən kənarda uzun müddət fəaliyyət göstərməyə imkan vermir. Ümumiyyətlə, missiyanın fəaliyyəti üçün nə Kanadanın, nə də Ermənistanın daxilində hüquqi əsaslar yoxdur. Aİ-nin mövcud sənədlərinə əsaslansaq, göstərilən missiya hər hansı çərçivəyə sığmır" - politoloq fikirlərini yekunlaşdırıb.
Millət vəkili Ceyhun Məmmədovun fikrincə isə əslində Ermənistan uzun müddətdir çalışır ki, Avropanın mülki missiyasının fəaliyyət müddətini uzatsın və ya gələcəkdə burada Fransanın, ABŞ-ın hərbi bazası yaradılsın:
Deputat hesab edir ki, Ermənistan rəsmilərinin açıqlamaları, xüsusən də bölgəmizi geopolitik toqquşmalar meydanına çevirmək cəhdləri ilk növbədə onun öz suverenliyi üçün təhlükəlidir.
"Ermənistan müstəqil bir ölkə kimi öz təhlükəsizliyini təmin etmək istəyirsə, ilk növbədə qonşu ölkələrə qarşı iddialarından əl çəkməlidir. Yaxşı olardı ki, Ermənistan sülhü və təhlükəsizliyi bölgədə axtarsın" - millət vəkili fikirlərini yekunlaşdırıb.