TƏHSİL

Bağça müəllimlərinin qeydiyyatı başladı

Namizədlər 11-17 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədlə BŞTİ-yə müraciət edə bilərlər.
Sputnik
BAKI, 11 dekabr — Sputnik. Dekabrın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində tərbiyəçi-müəllim vakansiyası üzrə növbəti qeydiyyat başlayır. Sputnik Azərbaycan xəbər verir ki, qeydiyyatda 2022-ci və 2023-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və seçiminə uyğun olaraq yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.
Namizədlər 11-17 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədlə BŞTİ-yə müraciət edə bilərlər.
Namizədlərə 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerlər təklif ediləcək. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.