SƏHİYYƏ

Vitaminlər hansı halda həkim tərəfindən reseptə yazıla bilər? Nazirlikdən açıqlama

Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Səhiyyə Nazirliyi hansı vitaminlərin reseptə yazılmamasına aydınlıq gətirib.
Sputnik Azərbaycan-ın sorğusuna Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən verilən cavabda bildirilib ki, Qida əlavələri (Bioloji fəallığa malik qida əlavələri-BFMQƏ) 2. BFMQƏ-ləri xəstəliyi müalicə etmir və heç bir terapevtik təsir göstərmədiyi üçün resept blankına yazılmır. Bu məhsullar həkim və tibb mütəxəssisləri tərəfindən reseptə yazılmadan yalnız tövsiyə oluna bilər.
Qeyd edək ki, qida əlavələrinin reseptə yazılmasına görə cərimələr artırılır. Bu barədə məsələ İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə, vəzifəli şəxslər 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 300 manatdan 400 manatadək məbləğdə cərimə ediləcək.
Məlumat üçün bildirək ki, hazırda bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər 50 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 150 manatdan 200 manatadək məbləğdə cərimə edilir.
Qurumdan bildirilib ki, qida əlavələri qida rasionunu zənginləşdirmək məqsədilə farmasevtik formada hazırlanan gündəlik qəbuletmə dozası müəyyənləşdirilən məhsullardır. Məsələn: vitamin, mineral, fizioloji və qidalandırıcı təsiri olan maddələr.
"Bu məhsulların reseptə yazılmamasının əsas səbəbi onları dərman vasitələrdən fərqləndirmək və istehlakçılarda çaşqınlıq yaratmamaqdır", deyə Mərkəzdən bildirilib.
Analitik Ekspertiza Mərkəzi hansı halda vitaminlərin reseptə yazılması qaydalarını da açıqlayıb.
"İstifadə olunan vitamin və mineral maddələr gündəlik qəbul etmə dozasından asılı olaraq həm dərman, həm də bioloji fəallığa malik qida əlavələri ola bilər. Bu halda bu cür tərkiblər dərman vasitəsi kimi qeydiyyatda olduğu halda reseptdə yazıla bilər. BFMQƏ-nin qablaşması üzərində aydın şəkildə oxunan formada "dərman vasitəsi deyildir" yazısı göstərilir. Məsələn, vitamin C üçün qida əlavəsi kimi gündəlik maksimum yol verilən hədd 900 mq-dır. 1000 mq vitamin C isə dərman vasitəsi kimi Azərbaycan Respublikasının dərman vasitələrinin dövlət reyestrində qeydiyyata alınıb və hazırda qeydiyyatdadır. Bu səbəbdən 900 mq vitamin C BFMQƏ kimi tövsiyə olunmalıdır. 1000 mq vitamin C isə dərman vasitəsi kimi resept blankında yazılmalıdır", AEM-dən bildirilib.
Qurum qida əlavələri ilə bağlı yaranan istənilən suallar və şikayətlərlə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin "Bir pəncərə" sektoruna, aem@pharma.az ünvanı, pharma.az saytının MÜRACİƏT bölməsi və ya (012) 596-05-20 telefon nömrəsi ilə "qaynar xətt" vasitəsi ilə əlaqə saxlanılmasının mümkün olduğunu açıqlayıb.