DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp zarafatla baş nazir Trüdonu Kanada qubernatoru adlandırıb

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp vəzifəsinin icrasına başlamadan artıq başqa ölkələrin siyasi xadimlərini özünün zarafat obyektinə çevirir.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. ABŞ-da keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp Kanadanın baş naziri Castin Trüdonu zarafatla "böyük Kanada ştatının qubernatoru" adlandırıb. Trampın ekstravaqant hərəkətləri və zarafatları hamıya məlum olsa da, bu hadisə onun vəzifəyə gəldikdən sonra Kanada mallarına mümkün tariflər tətbiq etməsi ilə bağlı fikirləri fonunda xüsusi diqqət obyekti olub.
Trüdo ilə birgə nahar zamanı tariflər və ticari münasibətləri müzakirə etdiyini Truth Social şəbəkəsindəki səhifəsində yazan Tramp, "böyük Kanada ştatının qubernatoru ilə" yenidən görüşməyi səbrsizliklə gözlədiyini qeyd edib.
Trüdo daha əvvəl demişdi ki, Tramp Kanada mallarına 25% rüsum tətbiq etmək qərarına gəlsə, Kanada cavab verəcək. NBC News telekanalına müsahibə verən Tramp isə Kanada və Meksikanın ABŞ-ın yeni ştatlarına çevrilə biləcəyini deyib.
Trampın dediyinə görə, onun qonşularına olan belə münasibəti qeyri-qanuni miqrasiya və narkotik ticarəti probleminin həll edilməməsi ilə bağlıdır. Məhz buna görə o Kanada və Meksikadan gələn mallara 25% rüsum tətbiq edəcəyini bildirmişdi. Wall Street Journal qeyd edib ki, yeni tariflər qlobal ticarət sistemini sarsıtmaq və Amerika iqtisadiyyatının əsas sektorlarına, o cümlədən avtomobil sənayesinə ciddi ziyan vurmaq təhlükəsi yaradır.
Qeyd edək ki, 3 Şimali Amerika ölkəsi arasında ticari münasibətlər Şimali Amerika Azad Ticarət Müqaviləsinin şərtlərinə əsasən tənzimlənir. Sənədə görə, üç ölkə arasında bir çox mallar rüsumsuz ticarət edilir. Bu mənada Trampın təklifi müqavilənin şərtlərini pozur və Şimali Amerikadakı ticari münasibətlərdə anlaşılmazlıq yaradır.