BAKI, 10 dekabr— Sputnik. Cinayət Məcəlləsinə "Təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması" adlı yeni maddə əlavə edilir.
Əlavəyə əsasən, bilə-bilə insan həyatı və sağlamlığı üçün təhlükəli qida məhsullarının istehsalı, satışı və ya satış məqsədilə saxlanması, bu əməllər xeyli miqdarda törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Eyni əməllər:
-təkrar törədildikdə;
-qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
-külli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.