BAKI, 10 dekabr — Sputnik. Mədəniyyət Nazirliyinin nümayəndələri Sumqayıtda musiqi məktəblərinin müəllimləri ilə görüş keçiriblər. Görüş attestasiya ilə bağlı məlumatlandırma xarakteri daşıyıb. Bundan əvvəl də anoloji görüş Bakıda musiqi müəllimləri ilə keçirilib.
Musiqi müəllimlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, görüşdə Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov iştirak edib. O, müəllimlərin attestasiya ilə bağlı şikayətlərini dinləyib və onları narahat edən sualları cavablandırıb.
Müəllimlər attestasiya proqramına salınan əsərlərin onların hazırda keçdiyi dərs proqramından kənar olduğunu, eləcə də imtahana hazırlaşmaq üçün vaxt verilmədiyini, 60 yaşdan yuxarı musiqi müəllimlərinin attestasiyaya cəlb edilməsi ilə bağlı narazılıqlarını ifadə ediblər.
Müəllimlər imtahanın test formasında keçirilməsini də tələb ediblər. Onlar komissiya təşkil olunarsa, attestasiya zamanı şəffaflığın təmin olunmayacağından narahat olduqlarını söyləyiblər.
***
"Gələn ilin fevral ayında musiqi müəllimləri attestasiyadan keçiriləcək. Amma bununla bağlı hələ heç bir rəsmi əmr yoxdur. Bizi imtahan edəcəklər, amma bilmirik imtahana hansı əsərlər salınacaq".
Bunu Sputnik Azərbaycan-a Sumqayıtda yerləşən musiqi məktəblərinin müəllimləri söyləyiblər.
Onlar qeyd ediblər ki, bir əsərin öyrənilməsinə ən azı üç ay vaxt tələb olunur. Amma onlara çox az vaxt verilib:
"Qısa müddətə biz o qədər əsərləri necə öyrənib çatdıracağıq? Digər fənn müəllimlərini sertifikasiyadan keçirəndə imtahanın vaxtı və proqram əvvəldən elan olunur. Müəllimlərin hazırlaşmağa vaxtı qalmır. Biz çıxılmaz vəziyyətdəyik. Qəfil açıqlama verdilər ki, musiqi müəllimlərini attestasiyadan keçirəcəklər".
Müəllimlər bildiriblər ki, attestasiya xəbəri yayılandan, bir müəllim insult keçirib, hazırda o, xəstəxanadadır:
"Musiqi müəllimləri 12 dərs saatına görə 450 manat maaş alır. Bu məbləğə işləməyə razıyıq. İndi də bizə deyirlər ki, imtahan olacaq, imtahandan kəsilənlərlə əmək müqaviləsinə xitam veriləcək. Bunu eşidən bir müəllimimiz insult keçirib, hazırda xəstəxanadadır. Heç digər müəllimlərin sertifikasiyasında belə sərt qaydalar yoxdur. Onlara belə bir il şans verilir".
4100 musiqi müəllimini sınaq gözləyir
Qeyd edək ki, ötən həftə Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinqdə musiqi müəllimlərinin attestasiyadan keçiriləcəyi barədə məlumat yayılıb. Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov çıxışında bildirib ki, 2025-ci ildə Bakı, Abşeron-Xızı, Şirvan-Salyan, Mil-Muğan və Quba-Xaçmaz idarələri üzrə 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır:
"Attestasiya prosesi ilk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə olacaq. Attestasiya fevral ayının 3-dən başlayacaq. Fortepiano üzrə təhsilalanlar və təhsil verənlərin sayı çoxluq təşkil etdiyi üçün ilkin olaraq həmin ixtisas üzrə olacaq. 2025-ci ilin sonunda bu ərazilərdə attestasiya prosesi yekunlaşacaq. 2026-cı ildə isə digər bölgələrin idarələri üzrə attestasiya prosesinin keçirilməsi planlaşdırılır. Beləliklə, 2026-cı ildə respublika üzrə tam yekunlaşdırılması nəzərdə tutulub".
"65 yaşda işdən çıxaracaqlarsa, 60 yaşında müəllimləri niyə imtahan edirlər?"
Musiqi müəllimlərini narazı salan daha bir məqam isə 60 yaşdan yuxarı müəllimlərin də attestasiyaya cəlb olunmasıdır. Müəllimlər bildirirlər ki, onsuz da yaşı 65-ə çatan müəllimlərlə əmək müqaviləsinə xitam verilir. Onların sözlərinə görə, 5 ilə görə yaşı 60-dan yuxarı olan müəllimlər niyə imtahan verməlidirlər?
Müəllimlər iki fənn üzrə musiqi müəllimlərinin sınağa çəkilməsinin də ayrıseçkilik olduğunu söyləyirlər. Onlar bildiriblər ki, simli və xalq çalğı alətləri ixtisasları üzrə müəllimlər attestasiyadan keçirilməyəcək. Attestasiya fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə olacaq.
Müəllimlər attestasiya ilə bağlı Mədəniyyət Nazirliyinə, Birinci vitse-prezidentə şikayət etdiklərini də söyləyiblər.
Əmri musiqi məktəblərinin direktorları verəcək
Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova Sputnik Azərbyacan-a bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları"na (bundan sonra – Qaydalar) əsasən müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir. Və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır.
Qaydalara müvafiq olaraq attestasiyanın keçirilməsi barədə əmr məktəb direktoru tərəfindən verilir.
Attestasiyanı kimlər keçirəcək?
2025-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulan ixtisaslar üzrə attestasiya proqramı Mədəniyyət Nazirliyinin rəsmi İnternet saytında (culture.gov.az) yerləşdirilib.
A.Kərimova imtahanların keçirilməsi üçün komissiyalar təşkil olunacağını söyləyib. Bildirib ki, əmək qanunvericiliyinə uyğun olaraq attestasiya komissiyaları 5 nəfərdən ibarət tərkibdə (təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik 4 nəfər mütəxəssis və 1 nəfər həmkarlar ittifaqı təşkilatının üzvü) təşkil olunacaq, attestasiya videoçəkiliş aparılmaqla keçiriləcək.
İmtahandan keçə bilməyən müəllimlərin işdən çıxardılacağı, şans verilməyəcəyi barədə məlumatlara isə nazirlik rəsmisi belə cavab verib:
"Qaydalara əsasən attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir:
a) tutduğu vəzifəyə uyğundur;
b) tutduğu vəzifəyə uyğun deyil.
Bununla yanaşı, Attestasiya komissiyası qəbul etdiyi qərarlarında həvəsləndirmək haqqında, ixtisas, əməyin ödənilmə dərəcəsini artırmaq, işçi ilə əmək müqaviləsində göstərilən vəzifə maaşını dəyişdirmək haqqında (qanunvericilikdə müəyyənləşdirilən səviyyədən aşağı olmamaq şərti ilə), əlavələr etmək, işçini peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün təlimlərə cəlb etmək, vəzifədə irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil etmək, işçinin razılığı ilə başqa işə keçirmək, tutduğu vəzifəyə uyğun olmadıqda, işçini işdən azad etmək, əməyin ödənilmə dərəcəsini aşağı salmaq haqqında, həmçinin attestasiyadan keçmiş şəxslərin fəaliyyətinin yaxşılaşdırılmasına dair tövsiyələr verir".
Yaşı 60-dan yuxarı musiqi müəllimləri attestasiyadan keçirilməsi məsələsinə isə Aynur Kərimova belə cavab verib:
"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsində attestasiyası keçirilməyən işçilər qeyd olunmuşdur Yaşı 60-dan yuxarı olan işçilər attestasiya olunmayan işçilərin siyahısına daxil deyildir".
Attestasiya nəyi dəyişəcək?
Təshil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, musiqi müəllimlərinin attestasiyadan keçirilməsi ölkədə təhsil keyfiyyətini yüksəltmək və müəllimlərin peşəkar səviyyəsini qiymətləndirmək məqsədi daşıyır. Yaşı 60-dan yuxarı olan müəllimlərin bu prosesə cəlb edilməsi bir tərəfdən onların fəaliyyətlərinin müasir tələblərə uyğunluğunu yoxlamağa, digər tərəfdən isə musiqi təhsilində yeni standartların tətbiqinə nail olmağa yönəlib.
"Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcək bu proses, şəffaflıq və obyektivlik prinsiplərinə əsaslanaraq komissiyalar vasitəsilə aparılacaq. Komissiyaların tərkibi peşəkar mütəxəssislərdən ibarət olmalı və qiymətləndirmə meyarları əvvəlcədən açıqlanmalıdır. Attestasiya yazılı imtahanlar, praktiki məşğələlər və metodiki biliklərin qiymətləndirilməsini əhatə etməlidir. Bu yanaşma, müəllimlərin peşəkar bacarıqlarını tam şəkildə nümayiş etdirməsinə şərait yaradacaq", K. Əsədov bildirib.
Yaşı 60-ı keçənlərə imtahan stresi yaşatmaq olmaz!
Ekspert deyir ki, attestasiyanın əsas məqsədi musiqi təhsilinin keyfiyyətini artırmaq olsa da, yaşı 65-ə çatan müəllimlərin qanunvericiliyə uyğun olaraq pensiyaya göndərildiyini nəzərə aldıqda, prosesin effekti sual doğura bilər. Onun fikrincə, təqaüd yaşına yaxınlaşan müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi uzunmüddətli perspektivdə təhsilə təsir etməyəcək, lakin cari keyfiyyətə nəzarət baxımından vacibdir:
"Bu proses həmçinin müəllimlər üçün əlavə stress və narahatlıq yarada bilər. Təqaüd yaşına yaxınlaşan şəxslər üçün attestasiyanın məcburi olması, onların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən, yaşlı müəllimlər üçün xüsusi ixtisasartırma proqramlarının təşkili və attestasiyaya hazırlıq mərhələsinin daha dəstəkləyici formada aparılması vacibdir. Digər tərəfdən, təqaüdə yaxınlaşan müəllimlərin tədris prosesində metodik və ya inzibati rollara keçirilməsi onların bilik və təcrübəsindən faydalanmaq üçün alternativ yol ola bilər. Bununla yanaşı, gənc kadrların təhsil sisteminə cəlb edilməsi və onların peşəkar inkişafı üçün əlavə stimullar təmin olunmalıdır. Musiqi müəllimlərinin attestasiyası təhsil sahəsində peşəkarlığın artırılması və tədris keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bununla belə, prosesin effektiv həyata keçirilməsi üçün şəffaflıq, obyektivlik və müəllimlərin psixoloji rahatlığına diqqət yetirilməli, uzunmüddətli təsirləri də nəzərə alınmalıdır. Attestasiya yalnız yoxlama məqsədi daşımamalı, həm də müəllimlərin inkişafına töhfə verməlidir".
Nazirlik musiqi müəllimlərinin peşəkarlığından narazıdır
Xatırladaq ki, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinqdə çıxışı zamanı musiqi məktəblərində çalışan kadrların peşəkarlığından gileylənib.
"Azərbaycanda demək olar, hər qəsəbədə musiqi məktəbi var, amma bəzi hallarda müəllimlərin təhsil səviyyəsi ürəkaçan deyil. Biz sadəcə görmək istəyirik ki, bizim müəllim qüvvəmiz, keyfiyyətimiz hansı səviyyədədir. Mütəmadi baxış, resursların qiymətləndirilməsi təbii haldır və biz bunu hər sahədə görə bilərik" - o, qeyd edib.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında deyib ki, öllkədə minlərlə adam musiqi müəllimi vəzifəsini daşıyır və musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi onların hamısına aiddir:
"Mənim öz təhsilim də musiqi ilə bağlı olduğu üçün bu sahə ilə yaxından tanışam. Müəllimlərin bacarıqlarını qiymətləndirmək, əlbəttə, təbii haldır".