Ölkədə vəziyyət arzuolunmazdır. Silahlı şəxslər ələ keçirilən şəhərlərdə Suriya ordusunun əsgərlərini axtarmaq üçün evləri bir-bir gəzirlər, lakin hələlik qadınlara və uşaqlara toxunmurlar.
Suriyada baş verən talan hadisələri ölkədəki böhran fonunda başlayıb, Suriya ordusunun əsgərlərini axtaran silahlı şəxslər qapı-qapı gəzirlər. Silahlı müxalifət bu həftə sonu ölkənin bəzi hissələrinə nəzarəti ələ keçirib. Suriyanın Baş naziri Məhəmməd Qazi Əl-Cəlali bildirib ki, o və bir neçə nazir ölkədə qalıb. Nazir həmçinin müxalifət rəhbərliyi ilə də əlaqə saxlayıb.
Daha sonra Kremldəki mənbə Suriya Prezidenti Bəşər Əsədin istefa verərək Moskvaya gəldiyini və orada ona və onun ailəsinə humanitar əsaslarla sığınacaq verildiyini bildirib.
Şahidlərin bildirdiyinə görə, ələ keçirilən şəhərlərdə silahlı şəxslər Suriya ordusunun əsgərlərini axtarmaq üçün qapı-qapı gəzirlər, lakin indiyədək qadınlara, uşaqlara və dini azlıqların nümayəndələrinə toxunmurlar.
Latakiya və Dəməşq kimi şəhərlərdə anarxiya fonunda talan halları daha da artmağa başlayıb. Polis baş verənlərə qarışmır.
Eyni zamanda, üsyançıların işğal etdiyi şəhərlərdə quldurluq hallarının qarşısını almaq üçün ən mühüm obyektlərin yaxınlığında mühafizə postları quraşdırılıb.
Anarxiya şəraitində İsrail hərbçiləri irəliləyərək “bufer zona”da mövqelər tutublar. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail və Suriya arasında 1970-ci illərdən bəri qüvvədə olan Colan Təpələri “bufer zonası” haqqında saziş hazırda faktiki olaraq qüvvədən düşüb. O, əminliklə qeyd edib ki, İsrail öz sərhədlərini qoruyacaq.
İsrail Hərbi Hava Qüvvələri Suriya ərazilərinə zərbələr endirməkdə, əvvəllər Suriya hökumət qüvvələrinin sərəncamında olan silah anbarlarına və digər hərbi obyektlərə hücumlar etməkdə davam edirlər. Təyyarələr Suriya ərazisində hava limanlarını, anbarları, radar stansiyalarını və silah obyektlərini bombalayırlar. Suriyanın hava hücumundan müdafiə sistemləri də hücuma məruz qalır.