RUSİYA

Rusiya ilə Hindistan arasında hərbi əməkdaşlıq uğurla inkişaf edir - Belousov

Rusiyanın müdafiə naziri vurğulayıb ki, iki dövlət liderləri arasında etibarlı münasibətlər ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Moskva və Dehli arasında hərbi qarşılıqlı fəaliyyət səviyyəsi çoxtərəfli formatlarda və ikitərəfli əsasda uğurla inkişaf edir. Bunu Rusiya Federasiyasının müdafiə naziri Andrey Belousov deyib.
"Biz Rusiya və Hindistan arasında çoxtərəfli formatlarda, ilk növbədə Şanxay Əməkdaşlıq Təşkilatı və SMOA Plus çərçivəsində hərbi qarşılıqlı fəaliyyətin səviyyəsindən razıyıq", - Belousov Hindistanın müdafiə naziri ilə danışıqlar zamanı deyib.
O, həmkarına hərbi və hərbi-texniki əməkdaşlıq üzrə Rusiya-Hindistan hökumətlərarası komissiyasının 21-ci iclasının keçirilməsi üçün Moskvaya səfərinə görə təşəkkür edib.
"Hindistanlı həmkarlarımızı Rusiyada görməkdən hər zaman şadıq" - deyən Belousov qeyd edib ki, Moskva və Dehlini qarşılıqlı hörmətə əsaslanan güclü, zamanın sınağından keçmiş dostluq bağlayır.
Rusiyanın müdafiə naziri vurğulayıb ki, iki dövlət liderləri arasında etibarlı münasibətlər Rusiya və Hindistan arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində əsas rol oynayır.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi arasında iyulda Moskvada və oktyabrda Kazanda BRİKS sammitində keçirilən görüşlərin nəticələri müdafiə sektoru da daxil olmaqla, xüsusilə imtiyazlı strateji tərəfdaşlığın dərinləşməsinə xidmət edib.
"Biz ən yüksək səviyyədə əldə olunmuş bütün razılaşmaları həyata keçirmək əzmindəyik", - deyən Belousov qeyd edib ki, bu gün hərbi və hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığın cari məsələlərinin ətraflı müzakirəsi planlaşdırılır.
"Mən əminəm ki, görüşümüz müdafiə və təhlükəsizlik sahəsində Rusiya-Hindistan əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək", Belousov deyib.