CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Reyestrə daxil edilməyən dərmanların reseptə yazılmasına görə cərimə tətbiq olunacaq

Dərmanın istifadə təlimatı olmadığı halda, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə tətbiq ediləcək.
Sputnik
BAKI, 10 dekabr— Sputnik. Dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərmanların reseptə yazılmasına görə vəzifəli və hüquqi şəxslər cərimələnəcək.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə nəzərdə tutulur.
Layihəyə əsasən, "Dərman vasitələri haqqında" qanunda nəzərdə tutulan hal istisna olmaqla, dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə ediləcək.
Təklif edilən digər dəyişiklikdə isə dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, həmin dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı ilə təmin edilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə ediləcək.
Dərman vasitəsinin Azərbaycan dilində olan istifadə təlimatı qablaşdırmanın içərisində və ya qablaşdırmanın yanında dərman vasitəsini müşayiət etmədiyi təqdirdə, istehlakçının tələbi əsasında aptek təşkilatı tərəfindən kağız formasında çap edilərək ona təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə tətbiq ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.