CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyin pozulmasına görə cərimələr artırılır

Qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək cərimə ediləcəklər.
Sputnik
BAKI, 10 dekabr — Sputnik. Qida təhlükəsizliyi ilə bağlı qanunvericiliyin pozulmasına görə cərimələr dəyişdirilir.
Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb. Məcəllədə 220-ci maddə yeni redaksiyada verilir və maddənin adı da dəyişdirilir. Belə ki, maddənin yeni adı "Qida təhlükəsizliyi haqqında qanunvericiliyin pozulması" olacaq.
Dəyişikliyə əsasən, qida zənciri obyektlərinin təsdiq olunmadan qida sahəsində fəaliyyət göstərməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Qida zənciri obyektlərinin və subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmadan qida sahəsində fəaliyyət göstərməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı "Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
"Qida təhlükəsizliyi haqqında" qanuna uyğun olaraq qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməmiş məhsulların istehsalına, emalına, satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə ediləcəklər.
Qida məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə ilkin və dövri tibbi müayinələrdən keçməmiş, yaxud müxtəlif yoluxucu xəstəliklərin daşıyıcıları olan və ya infeksion xəstəliklərə yoluxmuş əməkdaşların buraxılmasına görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.
İdxal olunmuş məhsulların idxal sağlamlıq aktı olmadan satış məqsədilə saxlanmasına, satışına və ya başqa cür özgəninkiləşdirilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə ediləcəklər.
Qeyd edək ki, "Qida təhlükəsizliyi haqqında" qanuna əsasən, qida zənciri - qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusudur.
Qida zənciri subyekti - qida zəncirində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları).
Qida zənciri obyekti - qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşına bilən) obyekt nəzərdə tutulur.
Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin mövcud 220-ci maddəsi "Əhalinin qidalanmasının təşkilinə, yeyinti məhsullarının istehsalına, saxlanmasına, daşınmasına və satışına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması" adlanır.
Həmin maddəyə əsasən, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.