Metropoliten qatarların niyə gecikdiyini açıqladı: Metronun hamını daşımaq imkanı yoxdur!
Bəxtiyar Məmmədov deyir ki, mövcud texniki imkanlar daxilində intervalı iki dəqiqədən aşağı müəyyən etmək mümkün deyil.
SputnikBAKI, 10 dekabr — Sputnik. "Metroda 15 dəqiqədir ki, qatar " Nizami"- "28 may" stansiyalarının arasındakı tuneldə dayanıb. Yerin altında da tıxac var".
Bunu bu gün metrodan istifadə edən sərnişinlərdən biri, Elçin Rüstəmli öz facebook hesabında yazıb. Sərnişinlər metroda qatarların tuneldə qalmasının son dövrlər bir növ adətə çevrildiyini bildirirlər.
Qeyd edək ki, bu ay yeni başlasa da, metroda qatarların hərəkətində iki dəfə problem yaranıb. Dekabrın 4-də Bakı metrosunda "Yaşıl xətt" - "Əhmədli-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 may" stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib. Bu səbəbdən "28 may" stansiyasında sərnişinlər düşürülüb. Nəticədə qatarların hərəkətində ləngimə olub. Dekabrın 9-da isə metronun iki stansiyasında qatar ləngiyib. "Dərnəgül"-"Həzi Aslanov" xətti ilə hərəkət edən qatar "İnşaatçılar" və "Elmlər Akademiyası" stansiyalarında nəzərdə tutulduğundan daha çox dayanıb. Qatar "İnşaatçılar" stansiyasında 6 dəqiqə, "Elmlər Akademiyası" stansiyasında isə 3 dəqiqə ləngiyib.
Bu il oktyabr ayının 19-da metroda qatarların hərəkətində 25 dəqiqə gecikmə baş verib. Buna səbəb, Bakı metrosunun "Nizami" və "28 May" stansiyaları arasında tuneldə tüstülənmənin baş verməsi olub. "Nizami" stansiyası sərnişinlərin girişi üçün bağlanılıb. Nəticədə metroda dəhşətli insan sıxlığı yaranıb.
Metroda qatarların hərəkətində yaranmış problemlər onsuz da sərnişin sıxlığının müşahidə olunduğu yeraltı ictimai nəqliyyatda vəziyyəti daha da dözülməz həddə çatdırıb. Qatarların hərəkətində yaranmış bir neçə dəqiqəlik fasilənin necə dəhşətli insan sıxlığı yaratdığını əks etdirən görüntülər isə sosial şəbəkələrdə onlarladır.
Sputnik Azərbaycan son vaxtlar metroda qatarların hərəkətində yaranmış problemlərin səbəblərini araşdırıb.
Bakı Metropoliteni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakı Metropoliteni bu il 7 yeni nəsil qatar, yaxud 35 vaqon alıb. Metroda hərəkət intervalının azaldılması heç də qatar sayı ilə bağlı deyil. Mövcud texniki imkanlar daxilində intervalı iki dəqiqədən aşağı müəyyən etmək mümkün deyil.
"Xətlər də birləşdiyindən, "İçərişəhər"- "28 may" eləcə də "Dərnəgül"-"28 may" arasında iki fərqli istiqamət olduğundan, interval iki dəqiqə olur. Əksər həssas stansiyalarda xətlərin yüklənməsi, nəticədə sərnişin sayının artması müvafiq problemlər yaradır. Bakı metrosunda hər stansiyanın müəyyən həddə sərnişin tutumu var. Hər beşvaqonluq qatarın da 1600 sərnişin tutumu var. Qatarların fiziki cəhətdən daşıma qabiliyyətini bundan çox artırmaq olmur. Sərnişin sıxlığı olduqda platformanın ifrat yüklənməsinə yol vermək olmaz. Ona görə də, sərnişinlərin metroya girişi tənzimlənir" - Bəxtiyar Məmmədov bildirib.
Yerin üstündə sıxlıq yarananda, yerin altında da yaranır
Tunellərin qatarlarda ardıcıl olaraq gözləməsinə gəldikdə isə, Bakı metropoliteni səlahiyyətlisi deyib ki, bu, təkcə yerin altı ilə bağlı olan məsələ deyil:
"Yerin üstündə sıxlıq yarandıqda, bu, yerin altında da sıxlığa səbəb olur. Sərnişinlər kütləvi şəkildə metroya yönəlir. Nəticədə yerin altında sərnişin sıxlığı yaranır. Bu da müəyyən stansiyaların yüklənməsinə gətirib çıxardır. Platformada sərnişin sıxlığı olarsa, qatara minib-düşmə prosesi ləngiyir. Hər qatar stansiyada 30 saniyə dayanmalıdırsa, sıxlıq olduqda qatar 1 dəqiqədən 4 dəqiqəyə qədər ləngiyir. Qatarın qapısının bağlanması mümkün olmadıqda qatar yerindən tərpənə bilmir. Əgər qatar stansiyada dayanma müddətindən artıq dayanırsa, tuneldə olan qatarlar gözləməli olurlar".
B. Məmmədov deyib ki, metronun "Nizami", "Elmlər Akademiyası" və "İnşaatçılar" sahəsi üzrə qatar bir stansiyanı tərk etməmiş digər stansiyadan hərəkətə başlayır. Bu isə həmin istiqamətdə quruluşun mürəkkəb olması ilə bağlıdır:
"Maillik yol verilən normalardan artıq olduğu üçün qatar yalnız bir stansiyanı tərk etdikdən sonra yola düşür. Heç vaxt qatar metronun "Elmlər Akademiyası" stansiyasını tərk etməmiş "İnşaatçılar" stansiyasından yola salınmayıb. Bəzi stansiyalarda qatarların bir-birilə toqquşmaması üçün blok sahələr var. Maşinist istəsə belə blok sahəni keçib gedə bilməz. Bu da Bakı metropolitenində müəyyən problem yaradır".
Metropoliten sözçüsü problemdən çıxış yollarını da qeyd edib:
"Bakı Metropolitenində problemin kökü ondan ibarətdir ki, yaşıl və qırmızı xətlər ayrılmalıdır. Bunun üçün isə yeni metrostansiyaların inşası həyata keçirilməlidir. Mövcud şəraitdə Bakı metropoliteni mümkün addımlar atır. Sərnişin sıxlığı olan stansiyalara işçilər cəlb olunur ki, qatarların qapıları vaxtında bağlansın, sərnişin axını düzgün tənzimlənsin. Bundan əlavə, qrafik üzrə qatarların "Memar Əcəmi" və digər istiqamətlərdən, "Neftçilər"stansiyasından qaytarılmaqla sıxlıqların tənzimlənməsi üçün işlər aparılır. Bugünki Bakı Metropoliteninin infrastrukturunun buraxıcılıq qabiliyyəti ilə sərnişin axını arasında fərqlər bu ziddiyyətləri yaradır".
Dövlət Statistika Komitəsindən bildirilib ki, bu ilin yanvar-oktyabr aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 2023-cü ilin eyni dövrünə nisbətən 6,2 % artıb. Bakı metropolitenindən istifadə edənlərin sayı 188,9 milyon nəfər olub.
Qeyd edək ki, hazırda metro stansiyalarının ümumi sayı 27, Bakı metrosunun ümumi uzunluğu isə 40,7 kilometrdir. Bakı metropoliteninin konseptual inkişaf proqramına uyğun olaraq, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.