"Əsəbləri dəmirdən olan" neft: bazar niyə xəbərlərə və bəyanatlara reaksiya vermir
"OPEC plus" səkkiz müttəfiq ölkə tərəfindən neft hasilatının bərpa olunmasının başlanğıc tarixlərini növbəti dəfə təxirə salıb. Bazar buna ləng reaksiya verib və ticarətin ertəsi günü neft yenidən dəyərini itirməyə başlayıb.
SputnikBAKI, 10 dekabr — Sputnik. Bir müddətdir ki, neft bazarı Yaxın Şərqin neft regionunda vəziyyətin gərginləşməsi ilə bağlı xəbərlərə sanki reaksiya vermir və "OPEC plus" sazişləri çərçivəsində tədarük məhdudiyyətlərinin davam etdirilməsi qərarı qiymətlərin yalnız bir neçə saat artmasına səbəb olur.
Belə ki, ötən cümə axşamı "OPEC plus" ölkələri nazirlərin iclasında neft hasilatı planları, o cümlədən bazarı balanslaşdırılmaq üçün alyansın bir neçə üzvü tərəfindən hasilatın könüllü azaldılması müddətinin uzadılması ilə bağlı bir sıra qərarlar qəbul ediblər.
"OPEC plus"un gündəliyindəki əsas məsələ səkkiz müttəfiq ölkə - Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, İraq, Qazaxıstan, Küveyt, BƏƏ və Oman tərəfindən gündəlik 2,2 milyon barel həcmində könüllü ixtisarın taleyi ilə bağlı olub.
Oktyabr ayından etibarən bu ölkələr tədricən hasilatın artırılmasına başlamağı planlaşdırırıblar, lakin bu qərar əvvəlcə ilin sonuna qədər təxirə salınıb, cümə axşamı isə alyans üzvləri məhdudiyyətləri gələn ilin martına qədər uzatmağa razılaşıblar. "OPEC plus"un yekun kommünikesində deyilir ki, neft bazarındakı vəziyyət bunu tələb edərsə, alyans öz qərarını yenidən nəzərdən keçirə və hasilatın bərpası cədvəlini dəyişə bilər.
Qeyd etmək lazımdır ki, görüşün nəticələri barədə məlumat, demək olar ki, "qara qızıl"ın qiymətlərinə heç bir təsir göstərməyib – "OPEC"-in qərarının açıqlanmasından sonrakı ilk saatlarda qiymətlər 0,40% civarında cüzi artım nümayiş etdirsə də, artıq səhər ticarətində neft axşam artımını bərpa edib və azalmağa başlayıb, ticarətin nəticələrinə görə qiymətdə təxminən 1% itirib.
Analitiklər və bazar iştirakçıları artıq bir neçə aydır ki, bazarın Yaxın Şərqdən gələn xəbərlərə ləng reaksiya verdiyini müşahidə ediblər - Ərəb-İsrail münaqişəsində növbəti gərginləşmə və ya hətta Suriyadakı vəziyyətin pozulması demək olar ki, neftin qiymətinə təsir göstərmir.
Kvotaların saxlanılması zəruri tədbirdir
Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov hesab edir ki, "OPEC plus"un qərarına reaksiyanın olmamasının əsas səbəbi alyans üzvlərinin hasilat kvotalarını saxlamasıdır, yəni söhbət hasilat həcminin hansısa əlavə azalmasından getmir.
"Yəni, "OPEC plus" hasilat həcmini artırmamaq qərarına gəlib, baxmayaraq ki, 2024-cü ilin iyununda neft hasilatını oktyabr ayından artırmaq barədə razılıq əldə edilib. Lakin bu qərar iyun ayında, bazar qiymətlərinin bir barel üçün 80 dollardan yuxarı olduğu vaxtda verilib. Oktyabr ayına qədər isə hasilatın həcmini artırmaq lazım gələndə qiymətlər artıq bir barel üçün 70-75 dollara enib", - Yuşkov Sputnik Azərbaycan-a açıqlamasında bildirib.
Təbii ki, bu cür azalma ilə yanaşı hasilat həcmi də artırılarsa, bu, "qara qızıl"ın maya dəyərini təxminən 10 dollar ucuzlaşdıracaq. Əgər iyun ayında 85 dollar qiymətində dəyər 75 dollara düşsəydi, bu hər kəsə uyğun olardı. Ancaq qiymətlər artıq 70 dollar civarında olduqda, hasilatı artırdıqdan sonra 60 dollara qədər azalma olacaq və bu, artıq bütün iştirakçılar tərəfindən, xüsusən də Rusiya üçün qəbuledilməz bir hal kimi qəbul edilir.
"Rusiya üçün, ümumiyyətlə, bu vəziyyət daha da fəlakətli görünür, çünki bizim neftimizə hələ də bir barel üçün təxminən 10-13 dollar endirim var. Müvafiq olaraq, qiymətlər 70 dollardan 60 dollara düşsəydi, bizim üçün 50 dollar olardı. Büdcəmiz bir barel üçün 70 dollar dəyərində hesablanır. Ona görə də təbii ki, Rusiya büdcənin nəzərdə tutulduğu pulu almayacaqdı. "OPEC plus" çərçivəsində hasilatın artırılması ilə Rusiya və hətta Səudiyyə Ərəbistanı üçün qiymətlər çox aşağı olardı", - Yuşkov bildirib.
Yuşkov hesab edir ki, bu səbəbdən biz neft hasilatının bərpasında davamlı gecikmələr müşahidə edirik və qiymətlər bir barel üçün 80 dollardan yuxarı qalxana qədər hasilatın həcmində artım olmayacaq.
Trampın ziddiyyətli bəyanatları
Neft bazarının qərarlara və xəbərlərə reaksiya verməməsinin digər səbəbi isə bütün bazar iştirakçılarının ABŞ-ın növbəti Prezidenti Donald Trampın hansı addımlar atacağını gözləməsidir.
"Tramp çox şeylər vəd edib. O, İrana təzyiq göstərəcəyini, onu sanksiyalara əməl etməyə məcbur edəcəyini, yəni İrandan ixracın həcmini məhdudlaşdıracağını bildirib, bu isə qiymətləri qaldıracaq. Lakin Trampın bu yaxınlarda bəyan etdiyi Çin, Meksika, Kanada ilə ticarət müharibələri başlasa, iqtisadi aktivlik yavaşlayacağı üçün qiymətlərin aşağı düşməsinə səbəb olacaq və dünyanın daha az neftə ehtiyacı olacaq", - ekspert qeyd edib.
Sputnik Azərbaycan-ın həmsöhbəti bildirib ki, hələlik bu məqamlardan hansının yerinə yetiriləcəyi, hansının yerinə yetirilməyəcəyi və sonda nəyin üstünlük təşkil edəcəyi məlum deyil.
"Ona görə də, "OPEC plus" bazarda nə baş verəcəyini, Trampın hansı addımlar atacağını görmək üçün indiki kvotaları saxlayıb. Lakin istənilən halda hasilatın həcmini yaza qədər artırmaq daha sərfəlidir, çünki yazda yenidən avtomobil mövsümü başlayacaq və şimal yarımkürəsində neftin daha az istifadə edildiyi qış mövsümündən fərqli olaraq "qara qızıl"a tələbat artacaq", - Yuşkov vurğulayıb.
Eyni zamanda ekspert qeyd edib ki, "OPEC plus" sazişinin saxlanılması şərti ilə qiymətlərin təxminən 60 dollara enməsini gözləmək olmaz.
"Hələlik bazar, "OPEC plus" kimi donmuş vəziyyətdədir və bundan sonra ilk növbədə Trampın gəlişi ilə nələrin baş verəcəyini gözləyir", - Yuşkov fikrini yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.