BAKI, 9 dekabr — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Başsağlığında deyilir:
"Cari ilin 9 dekabr tarixində, İsparta vilayətində təlim uçuşu zamanı UH-1 tipli helikopterin qəzaya uğraması nəticəsində altı hərbi qulluqçunun şəhid olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Baş vermiş qəzada şəhid olmuş qəhrəman türk hərbçilərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin".
Qeyd edək ki, Türkiyədə hərbi helikopter qəzaya uğrayıb. Yanacaqdoldurma məntəqəsi yaxınlığında baş verən hadisə yerinə təcili yardım və xilasetmə briqadaları cəlb olunub. Qəzaya səbəb kimi təlim zamanı iki helikopterin biri-birinə toxunması göstərilir.
Təmasdan sonra helikopterlərdən biri qəzaya uğrayıb, digəri isə təhlükəsiz şəkildə endirilib. Hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı altıya çatıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.