İQTİSADİYYAT

Azərbaycanda ilk dəfə qaragilə bağları salanlara subsidiya veriləcək

Bildirilib ki, qaragilə (mavigilə) yüksək ixrac potensialına sahib giləmeyvə sayılır, xarici bazarlarda böyük tələbatın olması səbəbilə son illər ölkəmizdə də bu giləmeyvənin yetişdirilməsinə maraq artıb.
Sputnik
BAKI, 7 dekabr — Sputnik. 2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiya ayrılacaq.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib.
Bildirilib ki, qaragilə (mavigilə) yüksək ixrac potensialına sahib giləmeyvə sayılır, xarici bazarlarda böyük tələbatın olması səbəbilə son illər ölkəmizdə də bu giləmeyvənin yetişdirilməsinə maraq artıb. Müqayisəli üstünlüyə malik qaragilə (mavigilə) bitkisinin becərilməsi çox xərc tələb etdiyindən, dövlət tərəfindən bu xərclərin bir hissəsinin qarşılanması siyasəti həyata keçirilir.
Qeyd edilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına şamil olunur.
"Hazırda ölkəmizin müxtəlif bölgələrində qaragilə (mavigilə) yetişdirilir. Bu giləmeyvənin əkin materialları əsasən, xaricdən gətirilir. Amma artıq qaragilə (mavigilə) bitkisinin əkin materialının Azərbaycanda da kütləvi istehsalı başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında qaragilə (mavigilə) bitkisi biotexnoloji üsulla çoxaldılır", - məlumatda diqqətə çatdırılıb.
Gündə bir stəkan qaragilə yaddaşı gücləndirir
Qeyd edək ki, gündə bir stəkan qaragilə qan təzyiqini aşağı salıb, beyin funksiyasını yaxşılaşdıra bilər. Bununla bağlı tədqiqat "American Journal of Clinical Nutrition" jurnalında dərc olunub.
Araşdırmaya görə, qaragilədə olan polifenolların istehlakı damar və beyin funksiyasının yaxşılaşması ilə əlaqələndirilir. Qaragilənin sağlamlığa necə təsir edə biləcəyini daha yaxşı anlamaq üçün tədqiqatçılar sınaq keçiriblər. Araşdırmaya 65-80 yaş aralığında 61 sağlam kişi və qadın daxil edilib. İştirakçılar 12 həftə ərzində təxminən 178 qram təzə qaragilə ekvivalenti olan 26 qram qurudulmuş yabanı qaragilə tozundan hazırlanan içki içiblər. Nəhayət, qaragilə yeyənlərin digərlərinə nisbətən daha aşağı qan təzyiqi ilə yanaşı, müvafiq tapşırıqlarda yaddaş və diqqətinin də artması müşahidə edilib.
Tədqiqatçılar qeyd edib ki, araşdırmanın nəticələrinə görə yabanı qaragilədə olan polifenollar yaşlı insanlarda ürək-damar xəstəlikləri riskini azalda bilər.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il noyabrın 1-nə sahələrdən 1,1 milyon ton meyvə və giləmeyvə yığılıb. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 3,1 faiz çoxdur.