CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Utilizasiya prosesi necə aparılır? Foto Video

Qurum rəsmisi bildirib ki, istifadəyə yararsız kimi görünən avtomobillər qara və əlvan metala çevrilir, bunlar da, öz növbəsində, metal istehsalçılarına yönləndirilir.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. "Fors" MMC reyestrdə qeydiyyata alınmış və 40-a yaxın yararsız nəqliyyat vasitəsi utilizasiyaya qəbul edilib. Həmin nəqliyyat vaitələrinin üçdə ikisinin yaşı 31 ildən yuxarıdır.
Bu barədə nəqliyyat vasitələrinin utilizasiyasının həyata keçirildiyi məkana təşkil olunan mediaturda utilizator "Fors" MMC-nin direktoru Sahib Əliyev məlumat verib.
Şirkət rəhbəri bildirib ki, utilizasiyaya təqdim olunan nəqliyyat vasitələrinə öncə baxış keçirilir, yararlı ehtiyat hissəsi varsa, dəyərləndirilir, digər hissələr isə müxtəlif metal növləri üzrə ayrılır:

"İstifadəyə yararsız kimi görünən avtomobillər qara və əlvan metala çevrilir, bunlar da, öz növbəsində, metal istehsalçılarına yönləndirilir və aidiyyəti üzrə istifadə olunur".

"Təmiz Şəhər" ASC-nin nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınovun sözlərinə görə isə nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanaraq ictimaiyyətə təqdim olunub.
Qeyd edək ki, yararsız və istismar müddəti bitmiş nəqliyyat vasitələrinin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsi hazırda bütün dünyada ciddi problemlərdəndir. Əksər ölkələr bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edir. Vəziyyətdən səmərəli çıxış yollarından biri də həmin nəqliyyat vasitələrinin utilizasiyasıdır. Nəqliyyat vasitələrinin utilizasiyası proqramlarının dövlət səviyyəsində həyata keçirilməsi ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bunu zəruri edən əsas səbəb köhnəlmiş və yararsız nəqliyyat vasitələrinin havanın, o cümlədən torpağın və su mənbələrinin çirklənməsində payının artması, onların zəruri ekoloji tələblərə əməl edilmədən pərakəndə utilizasiyası zamanı ətraf mühitə dəyən ziyan, o cümlədən utilizasiya proseslərinin lazımi səviyyədə reallaşdırılmamasıdır.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, paytaxt Bakıda atmosferə atılan zəhərli qazların 75 faizi məhz nəqliyyat vasitələrinin payına düşür. Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanmasını tələb edir. Köhnəlmiş nəqliyyat vasitələri hərəkət zamanı təhlükəsizlik baxımından da risklər yaradır. Texniki təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələri yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, onların utilizasiyasının dövlət səviyyəsində idarə edilməsi artıq müasir dövrün tələbidir.
Dövlət proqramı
Hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi də köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür. Statistikaya əsasən, hazırda ölkəmizdə hər beş avtomobildən biri ekoloji-normativ tələblərə, o cümlədən təhlükəsizlik normalarına cavab vermir və istismara yararsız vəziyyətdədir. Narahatedici məqam isə odur ki, bu göstərici ildən-ilə artmaqdadır. Həmçinin, hər il orta hesabla 1600-dən çox yol-nəqliyyat hadisəsi baş verir ki, bu da nəticədə yararsız nəqliyyat vasitələrinin sayının artmasına təsir göstərir. 2023-cü ilin statistik məlumatlarına əsasən ölkəmizin nəqliyyat parkının yalnız 15%-ə qədərini istehsal-buraxılış ili 10 ilədək olan nəqliyyat vasitələri təşkil etmişdi. Bu statistikanın özü də nəqliyyat parkının yenilənməsi üçün tədbirlərin həyata keçirilməsini zərurətə çevirib.
Avtomobillərin utilizasiyası
Bütün bu məqamları nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı"nda nəqliyyat vasitələrinin utilizasiyası proqramının hazırlanması və tətbiqi nəzərdə tutulub. Dövlət Proqramının Tədbirlər Planının 7.3.7.1-ci bəndinə əsasən, proqramın tətbiqində üç əsas istiqamət müəyyən edilib:
Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizlik səviyyəsini yüksəltmək;
ekoloji vəziyyəti yaxşılaşdırmaq;
yerli avtomobil istehsalını stimullaşdırmaq.
Proqramın hazırlanmasında 15-ə qədər dövlət orqan və qurumu, o cümlədən aidiyyəti mütəxəssis və ekspertlər iştirak etmiş, bir sıra dünya ölkələrinin təcrübələri araşdırılıb. Həmçinin, proqramın tətbiqi ilə əlaqədar mövcud qanunvericiliyə yeni müddəalar əlavə edilmiş, ümumilikdə 10-dan çox qanunvericlik aktına dəyişiklik və əlavələr edilib.
Proqramın əsas məqsədi və predmeti
Proqramın əsas məqsədi köhnəlmiş, texniki-təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılmasını təmin etməkdir. Bu baxımdan, onun əsas predmeti də öz ilkin istifadə xüsusiyyətlərini itirmiş, mənəvi və fiziki cəhətdən köhnəlmiş, o cümlədən yol hərəkətində istifadəyə yararsız olmaqla tullantı kimi xarakterizə olunan nəqliyyat vasitələridir. Bunu nəzərə alaraq, əsas aidiyyəti normativ-tənzimləyici müddəalar öz əksini "Tullantılar haqqında" Azərbaycan Respublikasının Qanununda tapıbıb. Bununla belə, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirildiyindən, tullantı xüsusiyyətlərinə uyğun gəlməyən, tam və ya qismən yararlı nəqliyyat vasitələri də onların sahibləri tərəfindən öz istəkləri əsasında utilizasiyaya verilə bilər.
Proqram birdəfəlik ödəniş və yerli istehsal olunmuş yeni nəqliyyat vasitələrinin satın alınmasında güzəşt kimi stimullaşdırıcı tədbirlərin tətbiqini də özündə ehtiva edir.
Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə www.nvu.gov.az elektron portalı hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur.
Avtomobillərin utilizasiyası
Nəqliyyat vasitəsinin utilizasiyaya verilmə və utilizatorlar tərəfindən qəbulu qaydası
nəqliyyat vasitələri utilizasiyaya könüllü şəkildə verilir;
utilizatorlar tərəfindən nəqliyyat vasitələrinin utilizasiyaya qəbulu növbəlilik qaydasında və ödənişsiz həyata keçirilir;
utilizasiyaya verilməzdən əvvəl nəqliyyat vasitələri dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmaqla arayış əldə olunmalı;
nvu.gov.az portalında qeydiyyatdan keçərək ərizə və tələb olunan sənədlər portala yüklənməklə utilizatorda növbə tutulmalı.
Utilizatorlar nəqliyyat vasitəsini utilizasiyaya qəbul edərkən aşağıdakı sənədləri tələb edirlər:
nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;
nəqliyyat vasitəsini utilizasiyaya vermək üçün sərəncam vermə hüququnu təsdiq edən (etibarnamə və ya digər) sənəd;
nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
fiziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır. Sənədlər icraata qəbul olunduqdan sonra nəqliyyat vasitəsi seçilmiş utilizatorun qəbul məntəqəsində təhvil verilməklə təsdiqedici sənəd əldə edilməlidir.
Təsdiqedici sənədlər
Təsdiqedici sənəddən istifadə etməklə şəxs iki stimullaşdırıcı seçimdən birini edə bilər:
yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin güzəştlə əldə edilməsi;
birdəfəlik ödəniş əldə edilməsi.
Güzəştin məbləği nəqliyyat vasitələrinin təsnifatından asılı olaraq, birdəfəlik ödəniş məbləği isə müvafiq güzəşt məbləğinin 70% məbləğində müəyyən edilib:
Utilizator şirkətlər hansılardır?
Qüvvədə olan qanuna əsasən, təsdiqedici sənəd yalnız operator tərəfindən reyestrdə qeydə alınmış utilizatorlar tərəfindən verilə bilər.
Hazırda bir utilizator - "Fors" MMC reyestrdə qeydiyyata alınmış və 40-a yaxın yararsız nəqliyyat vasitəsi utilizasiyaya qəbul edilmişdir. Həmin nəqliyyat vaitələrinin üçdə ikisinin yaşı 31 ildən yuxarıdır.
Qəbul edilən nəqliyyat vasitələri texniki və ekoloji təhlükəsizlik qaydaları çərçivəsində hissələrə ayrılır, çeşidlənir və təkrar emal üçün yararlı hissələr müxtəlif müəssisələrə göndərilir. Bu da öz növbəsində ətraf mühitin mühafizəsinə töhfə verir və iqtisadi dəyər yaratmağa xidmət edir.
Proqramın tətbiqindən gözlənilən nəticələr
yararsız nəqliyyat vasitələrinin ekoloji tələblərə uyğun şəkildə utilizasiyası;
ekoloji vəziyyətin yaxşılaşması;
mövcud nəqliyyat parkının yenilənməsi;
yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artması;
müvafiq sahədəki kölgə iqtisadiyyatının aradan qalxması;
yeni iş yerlərinin yaranması;
sahibkarlar üçün yararlı xammal imkanlarının yaranması.
Qey edək ki, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılmış bu ilin noyabr ayından bu günə qədər 11 avtomobil utilizasiyaya qəbul edilib və buna görə 11 550 manat ödəniş edilib. Ümumilikdə isə indiyə qədər 40-yaxın avtomobil utilizasiyaya təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.