BAKI, 6 dekabr — Sputnik. Azərbaycan və Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri Bakıda keçirilən görüşdə beynəlxalq terrorizmə qarşı birgə mübarizə, sərhədi qanunsuz keçmə kanallarının müəyyən edilməsi, o cümlədən silah və narkotik qaçaqmalçılığının qarşısının alınması məsələlərini müzakirə ediblər. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Azərbaycan paytaxtında iki ölkənin Daxili İşlər Nazirliyinin sərhədyanı ərazilərdə polis orqanlarının qarşılıqlı fəaliyyəti məsələləri üzrə ixtisaslaşmış işçi qrupunun iclası keçirilib. Rusiya nümayəndə heyətinə Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi Sergey Baçurin, Azərbaycan nümayəndə heyətinə isə daxili işlər nazirinin müavini Seyfulla Əzimov rəhbərlik edib.
Sergey Baçurin çıxışında qeyd edib ki, Rusiya tərəfi azərbaycanlı həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsində maraqlıdır.
Azərbaycan və Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri Bakıda görüşüblər
"Səmərəli qarşılıqlı fəaliyyət nazirliklərimiz üçün prioritet olan beynəlxalq terrorizmə və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə mühüm nəticələr əldə etməyə imkan verib", - Baçurin vurğulayıb.
Hər iki ölkənin nümayəndələri birgə işlərin nəticələri və sərhədyanı ərazilərdə mövcud cinayət vəziyyəti barədə məlumat veriblər.
"Azərbaycanla sərhəddə mövcud vəziyyət nəzərə alınaraq, sərhədi qanunsuz keçmə, silah-sursat, narkotik vasitələrin və digər qaçaqmalçılıq yollarının aşkarlanması istiqamətində mütəmadi olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilir", - məlumatda deyilir.
Tərəflər həmçinin qurumlararası əməkdaşlıq məsələlərini müzakirə edib, artıq görülən işləri qiymətləndirib və gələcək əməkdaşlığa hazır olduqlarını bildiriblər. İclasdan sonra yekun sənədlər imzalanıb.
Azərbaycan və Rusiya Daxili İşlər Nazirliyinin nümayəndələri Bakıda görüşüblər
Görüşün sonunda Sergey Baçurin azərbaycanlı həmkarlarına mükafatlar təqdim edib.
Tədbirdə Rusiya Daxili İşlər Nazirliyinin Rusiyanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Sergey Nadejkin, nəqliyyatda cinayətkarlıqla mübarizə şöbəsinin rəisi Yevgeni Loreş, habelə mütəşəkkil cinayətkarlıq və ekstremizmə qarşı mübarizə üzrə cinayət axtarışı idarələrinin rəhbərləri iştirak ediblər.
Xatırladaq ki, sentyabr ayında Şərq İqtisadi Forumu çərçivəsində Azərbaycan və Rusiyanın baş prokurorları Kamran Əliyev və İqor Krasnov arasında anlaşma memorandumu imzalanıb. İmzalanmadan sonra Krasnov ikitərəfli əlaqələr kompleksini inkişaf etdirməyə və əsas beynəlxalq platformalarda, o cümlədən BMT və MDB məkanında transmilli cinayət təhdidlərinin neytrallaşdırılması üçün səyləri əlaqələndirməyə hazır olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.